Tanınmış rusiyalı analitikdən Qarabağda müharibə anonsu

Moskvadan olan ekspert KTMT baş katibliyinə erməni generalının gətirilməsinin pərdəarxasını şərh edir; Oleq Kuznetsov: “Hazırkı erməni generallarının əksəriyyəti ya hərbi canilərdir, ya da qanunsuz silahlı birləşmələrin keçmiş səhra komandirləri…”

“Rusiya NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyinə axır ki, Ermənistan nümayəndəsi – general Yuri Xaçaturov təyin edildi. Azərbaycanla müharibə vəziyyətində olan bir ölkənin generalının belə bir təyinat alması Dağlıq Qarabağ konfliktinə, sülh danışıqlarına nə vəd edir? Sualla bağlı siyasi və ekspert dairələrində şərh və müzakirələr davam edir.

Maraqlıdır ki, Ermənistanda bu hadisə olduqca sakit və soyuq qarşılanıb. Erməni politoloqlarından bəziləri bu təyinatın arxasında başqa siyasi səbəblərin durduğunu və Ermənistana xeyir gətirmədiyini iddia edirlər.

“Xaçaturovun KTMT baş katibliyinə təyinatı başqa məqsədlər daşıyır. Əgər Rusiyanın Vaşinqton və ya Türkiyə ilə problemləri yaransa, bu təyinatın Kreml üçün hər hansı mənası ola bilər. Bundan başqa, MDB çərçivəsində konsolidasiyanın yaradılması olduqca vacib idi. Çünki son aylarda həm Qazaxıstan, həm də Belarusla problemlər yaşanırdı. Xaçaturovun təyinatı adıçəkilən ölkələrin nə dərəcədə sadiq qalıb-qalmamasını yoxlamaq üçün ön plana çıxarıldı”. Musavat.com-un məlumatına görə, bu fikri İrəvandakı Milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan deyib.

Erməni ekspert bu təyinatın Ermənistan üçün müsbət bir şey gətirmədiyini söyləyib: “Digər ölkələrlə münasibətləri aydınlaşdırmaq məqsədilə Ermənistanın problemlərindən istifadə olunursa, bunun nəyi müsbət hadisədir? İkinci tərəfdən, Xaçaturov aprel döyüşlərində özünü çox pis apardı. Onun imzası ilə Moskvada Rusiya və Azərbaycan üçün sərfəli saziş əldə olundu. İndi onun özünü necə aparacağını bilmirəm, hər halda, belə nəticəyə gəlmək olar ki, Xaçaturov yalnız Rusiyanın maraqları üzrə hərəkət edəcək”.

Politoloq bu hadisəni Ermənistan üçün Rusiyanın problemlərinə daxil olmaq “imkanı” olaraq gözdən keçirdiyini də bildirib: “Ermənistan bu məsələlərdə suverenliyini itirmək üzrədir və daha böyük təhlükəli hadisələrə cəlb olunur”. O, Xaçaturovun təyinatının Azərbaycanla razılaşdırılmasına inanmadığını deyib: “Hesab edirəm ki, həm Belarus, həm də Qazaxıstan düşdükləri mürəkkəb vəziyyətə görə Azərbaycana qulaq asmayıb bu təyinata razılıq verməyə məcbur oldular”.

*****

Bu xüsusda tanınmış rusiyalı tarixçi-analitik və publisist Oleq Kuznetsovun isə daha maraqlı dəyərləndirməsi var. Musavat.com-un məlumatına görə, vesti.az saytı üçün yazdığı təhlil məqaləsində o, öncə indiki Ermənistan generalitetinin mahiyyətini çılpaqlığı ilə ortaya qoyaraq ifşa edib.

“Heç kimə sirr deyil ki, hazırkı erməni generallarının əksəriyyəti ya hərbi canilərdir, ya da Dağlıq Qarabağ separatçılarının formalaşdırdığı qanunsuz silahlı birləşmələrin keçmiş səhra komandirləri. Onların yarıdan çoxunun hərbi təhsili yoxdur. Təkcə bunu xatırlatmaq kifayətdir ki, Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan sovet ordusunun mayoru olub. Hər şeyi öz adı ilə çağırsaq, o, hərbi qiyamçı və dezertir, 1992-ci ildə dinc Xocalı sakinlərinin qatilidir”, – deyə analitik qeyd edir.

Tarixçi alimin sözlərinə görə, Ohanyan Ermənistan silahlı qüvvələrində Qarabağ separatçılarının formalaşdırdığı qanunsuz silahlı birləşmələr və erməni terrorçuları ilə əlaqəsi olan yeganə hərbi məmur deyil: “Onunla yanaşı, Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi aparatında neçə-neçə belə keçmiş səhra komandirləri və hərbi cinayətkarlar xidmət edib və etməkdədir”.

Rusiyalı ekspert daha sonra yazır: “İndiki yüksək çinli erməni hərbçiləri arasında elələri də var ki, onlar öz xidməti siyahısında terror cinayətləri ilə yanaşı, həm də hərbi nizama qarşı cinayətlər ediblər. Onlardan biri də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqramyandır. 1988-ci ildə – Sartarabaddakı batareyanın komandiri olarkən o, sovet ordusuna məxsus bütün silah-sursatı və hərbi əmlakı separatçıların qanunsuz birləşmələrinə vermiş, ardınca özü də onlara qoşulmuşdu. 1991-ci ildə o, üzdəniraq ”Martuni dəstəsi”nin qərargah rəis olub. Bu dəstənin komandiri isə beynəlxalq erməni terrorçusu, ABŞ vətəndaşı Monte Melkanyan idi”.

Analitik daha sonra keçmişi terrorçuluq və hərbi cinayətlərlə zəngin erməni “generalları”nın təkcə ordu sistemində deyil, Ermənistanın başqa güc strukturlarında və hüquq-mühafizə sistemində də təmsil olunmasına diqqət yönəldərək yazır: “Onlardan biri də polis qüvvələrinin komandanı, Ermənistan DİN polisinin rəis müavini, general-leytenant Levon Yeranosyandır… Belə hərbi cinayətkarların fonunda Yuri Xaçaturov, demək olar, ”ağ cəngavər” kimi görünür. Əlbəttə ki, KTMT-nin rəsmi saytında yer almış, onun xidməti siyahısında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı qeydinə və Azərbaycana qarşı müharibədə iştirak faktına baxsaq, dəqiq onu demək olar ki, Xaçaturovun bioqrafiyasında qanunsuz silahlı birləşmələrdə separatçı-terrorçuların komandanlığı altında iştirakı ilə bağlı rüsvayçı səhifələr yoxdur. Məncə, məhz bu amil onun KTMT baş katibi postuna təyin edilməsində həlledici olub. Yəni Moskva nə qədər İrəvana loyal olsa da, onu himayə eləsə də, KTMT-nin başında hərbi caninin olmasına imkan verə bilməzdi”.

Politoloq, bununla belə, bu posta erməni generalın gətirilməsinin məcburiyyətdən doğduğuna da diqqət yönəldib: “Uzun illər baş katib vəzifəsini bütün qaydalar pozulmaqla Rusiyadan olan general tuturdu. Çünki rotasiya qaydası tələb edirdi ki, həmin vəzifədə Ermənistan nümayəndəsi olsun. Lakin buna Qazaxıstan və Belarus maneə yaradırdı. Ancaq bir qurum özünün müəyyən elədiyin qaydaları sonsuzadək də poza bilməzdi. Odur ki, onsuz da kağız üzərində olan KTMT-nin baş katibi vəzifəsinə çirkaba batmış erməni generalları içərisindən ən təmizi sayılan Yuri Xaçaturovu təyin etməli oldular”.

Analitik bu təyinatdan sonrakı vəziyyəti də şərh edib. “Təyinatla bağlı məntiqi sual ortaya çıxır: bəs bu addımın nəticələri nə olacaq?

Yuxarıda sadalanan səbəblərə görə KTMT üçün heç bir nəticəsi olmayacaq. Ermənistan üçünsə – olacaq. Məsələ ondadır ki, Xaçaturov Ermənistan ordusuna faktiki rəhbərlikdən KTMT baş katibliyinə gətirilənədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsini tutub. Yəni ən əsas və real hərbi komandan kimi o, guya daha yüksək vəzifəyə getməklə əlaqədar öz postundan götürülüb. Başqa sözlə, erməni generaliteti – hansı ki, Dağlıq Qarabağ separatçılarının keçmiş səhra komandirlərinin xuntasından ibarətdir, öz sırasındakı sonuncu ”ağ qarğa”dan da xilas olub. Bu da o anlama gəlir ki, erməni ordusunda mövcud hakim elitaya siyasi iradlar bildirə biləcək bircə sağlam düşüncəli general da qalmayıb. Xaçaturovun kənarlaşdırılması həmçinin Serj Sərkisyanın “Qarabağ klanı”nın Ermənistan Silahlı Qüvvələri üzərində qəti, total və tam nəzarətinin təmin edilməsi deməkdir. Bu ordu ən yaxın zamanlarda ölkənin deyil, hakim rejimin müdafiə elementinə çevriləcək. Və bu ordunun əsas hərbi doktrinası Serj Sərkisyanın bu ilin əvvəlində elan elədiyi “Ermənistan, diaspora, Arsax” siyasi konsepsiyası olacaq. Ayrı sözlə, Dağlıq Qarabağa dair sülh danışıqlarını yaddan çıxarmaq olar”, – deyə tarixçi-ekspert məqaləsinin sonunda vurğulayıb.

*****

Analitikin sonuncu fikrini, şübhəsiz ki, yeni müharibə anonsu kimi də dəyərləndirmək olar. Demək, KTMT-yə yeni təyinatın pərdəarxası ilə bağlı Azərbaycanın çıxarmalı olduğu nəticələr də var. Bu, həm də o anlama gəlir ki, Sərkisyan hərbi xuntasının hakimiyyətdə olduğu işğalçı Ermənistanla ötən ilin aprelindəki kimi, bundan sonra da hərbi dillə danışmaq ən effektli üsul olaraq qalacaq. KTMT-yə son baş katib təyinatından sonra Azərbaycan üçün əsas prioritet – özünün hərbi və döyüş hazırlıqlarını durmadan artırmaq və düşmən üzərində əzici hərbi üstünlüyü saxlamaqdan ibarətdır.teref.info