Qarabağ kartı Sərkisyanı hakimiyyətdə necə saxladı? – Qərbdən sərt reaksiya

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ulus.Az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən ərazilərimiz atəşə tutulub.

Atəşkəsi pozmaqdan yorulmayan Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) çox ciddi narahat edir.

Belə bir açıqlama ilə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski çıxış edib. Təbii ki, nüfuzlu bir beynəlxalq təşkilat rəsmisi tərəfindən belə bir fikrin səsləndirilməsi Ermənistanda heç də birmənalı qarşılanmayıb.

Siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan P.Svitalski deyib: “Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir.

Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq”.

 Səfirin bu açıqlaması Ermənistan ictimaiyyətində əks-səda doğurub.

Ermənistanda keçirilən son seçkiyə sülh çağırışları ilə qoşulan blokların heç biri parlamentdə təmsil olunmadı. Sarkisyanın qüvvələri hiylə yolu ilə hakimiyyətdə qaldı.

Artıq ölkə əhalisi kriminal avtoritetlərin əlində girova çevrilib. Əlbəttə ki, Sarkisyan hakimiyyətdə qaldığı müddətdə ölkədə ciddi ictimai-siyasi dəyişiklik gözləməyə dəyməz.

İşğalçı dövlətin başçısı Sarkisyan hakimiyyətə gəldiyi gündən siyasi, iqtisadi, hərbi cinayətlər törətməklə yanaşı, həm də kreslosunu qorumaq üçün zaman-zaman Dağlıq Qarabağ kartından da hər vəchlə yararlanmağa çalışır.

Cinayətkar prezident daima Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozur, konstruktiv təkliflərin müzakirəsi irəli sürüldüyü dönəmlərdə danışıqlar prosesindən yayınır.

Onun zaman-zaman işlətdiyi gedişlərdən biri də Ermənistanda ictimai-siyasi, sosial gərginliklər yarandığı zaman cəbhə xəttində təxribatlar törədərək gərginlik yaratmaqdır.

Təbii ki, cəbhə xəttində gərginliyin yaranması isə danışıqlar prosesinin gedişini də pozur.

Bir çox beynəlxalq güclərin uzun zamandır ermənilərdən regionda maşa kimi istifadə etmələrinə baxmayaraq, hər bir tərəfin artıq öz maraqları çərçivəsində dialoqa girdiyi müasir zamanda ermənilər kimi quyruq bulayanlara heç ehtiyac qalmayıb.