Elton Məmmədovun 80 milyonluq avtovağzalı necə alındı? – Araşdırma

Bakı Beynəlxalq Avtovağzalı Nəqliyyat Nazirliyindən alınıb

HAKIMIYYET.Az xəbər verir ki, bu haqda unikal.org yazıb.

Bakı Beynəlxalq Avtovağzalı Nəqliyyat və Rabitə Nazirliyinin tabeliyindən çıxarılaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə verilib.

Keçmiş nazir Ziya Məmmədov vəzifəsindən azad edildikdən sonra Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib. Yeni nazirliyə Ramin Quluzadə rəhbərlik edir. Ancaq maraqlısı budur ki, avtovağzal məhz Məmmədovlara məxsus idi.

Əslində, Azadlıq radiosunun Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin sahibinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin eks-deputatı Elton Məmmədov olduğunu üzə çıxaran araşdırması yaddaşlardan silinməyib. Görünür ki, avtovağzal eks-nazirin qardaşından alınaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə verilib.

“2009-2013-cü illərdə Regionların sosial və iqtisadi inkişaf dövlət proqramı”nda və digər rəsmi sənədlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edildiyi bildirilir.

Hətta açılış mərasimində nazir Ziya Məmmədov özü Prezident İlham Əliyevə bu Kompleksi təqdim edib. O, bildirib ki, Kompleks Nazirliyin sifarişi ilə, baş podratçı “Bakı XXI Əsr” MMC tərəfindən inşa edilib.

Maliyyə və Nəqliyyat Nazirlikləri “Azadlıq” radiosuna bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına dövlət büdcəsindən pul ayrılmayıb.

Hər iki nazirlikdə kompleksin hansı vəsait hesabına tikildiyi barədə məlumat ictimaiyyətə açıqlanmır.

Vergilər Nazirliyindən aldığımız məlumata görə, “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir.

“Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə ictimaiyyətə məlumat verilmir.

“Azadlıq” radiosunun apardığı araşdırmada “Bakı XXI Əsr” MMC- ni Nəqliyyat Nazirinin qardaşı Elton Məmmədovun təsis etməsi üzə çıxırdı.

Əslində avtovağzalın inşa edildiyi ərazi ilə bağlı məhkəmə çəkişmələrində də cavabdeh qismində Elton Məmmədovun adı dəfələrlə hallanmışdı. Elton Məmmədov “Bakı XXI Əsr”in təsisçisi olduğunu “Azadlıq” radiosuna təsdiqləyib.

Elton Məmmədov tikintiyə sərf edilən vəsaitin məbləğini kommersiya sirri olduğunu iddia edərək açıqlamır.

2009-cu ildə «Əl-Cəzirə» televiziyası hazırladığı videoreportajda Bakı Beynəlxalq Avtovağzalın tikintisinin 80 milyon ABŞ dollarına başa gəldiyi bildirirdi.
Videoreportajda avtovağzalı tikən şirkətin – ZQAN Holdinqin isə Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu iddia edilirdi.

Nəqliyyat Nazirliyi o vaxtlar bu məlumatı təkzib etmişdi. Amma sonradan tikintini aparan şirkətin rəhbəri Nəqliyyat nazirinin oğlu Anar Məmmədovun olduğu rəsmi açıqlandı.

İndi belə çıxır ki, avtovağzal kompleksi ata, oğul və əminin müştərək işidir. Yəni, Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət (ZİQAN Construction) Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsusdur, kompleksi idarə edən şirkətin isə (“Bakı XXI Əsr”) təsisçisi onun əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib.