Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusu üzrə maarifləndirici təlimlər keçirilib

            HAKİMİYYET.AZ xəbər verir ki  Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının  (2014-2018-ci illər) “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi” bəndinin icrası məqsədilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı şəhərinin Səbail, Suraxanı rayonları üzrə ümumtəhsil müəssisələrində tələbə və şagirdlərin (8-11-ci sinif) iştirakı ilə “İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusu üzrə  maarifləndirici təlimlər keçirilmişdir.
    Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin əməkdaşları təlimçi qismində iştirak edib.
    Təlim zamanı uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, onların sosial və hüquqi müdafiəsi, eyni zamanda narkomaniyanın zərərləri, insan alverinin qarşısının alınmasına dair tələbələr və şagirdlərə ətraflı məlumatlar çatdırılacaq, həmçinin, iştirakçılar insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları təqdim edilib.
HAKİMİYYET.AZ