Azər Sərdarov: “Alıcı 7 iş günü ərzində cəriməsiz olaraq bağlanmış müqavilənin icrasından imtina edə bilər” (II HİSSƏ)

Elektron ticarətin təşviq edilməsi məqsədi ilə satıcı kommersiya bildirişindən istifadə edə bilər. Kommersiya bildirişinin kommersiya xarakterli olması aydın bildirilməli, onu göndərənin adı və ünvanı dəqiq göstərilməlidir.

Satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır.

Qeyd olunan məlumatları təqdim etməyən satıcı və təchizatçılardan mal və xidmətlər sifariş etmək risklidir.

Elektron ticarət zamanı alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır:

– təchizatçının adı, ünvanı;

-malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;

– vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;

– çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;

– ödəniş və sifarişin icra olunma şərtləri;

– imtina hüququndan istifadə imkanı;

– müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;

– ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti;

– müqavilənin bağlanma üsulu və mərhələləri;

– satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;

– sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar.

Bu məlumatları təqdim etməyən satıcıdan (təchizatçıdan) mal almaqdan çəkinin.

Sifariş verilərkən satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir. Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.

Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər.

Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:

– nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin) razılığı ilə müqavilənin icrasına başlanıldıqda;

– alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;

– audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;

– qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.

Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı tərəfindən göndərilən gündən başlayaraq ən geci 30 gün ərzində satıcı tərəfindən yerinə yetirilməlidir. Satıcı sifariş verilmiş malları onların olmaması səbəbindən təmin edə bilmədikdə alıcıya bu barədə məlumat verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində geri qaytarmalıdır. Malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının sifarişi olmadan onların təmin edilməsi qadağandır. Satıcı öz təşəbbüsü ilə ödəniş əsasında malların və xidmətlərin çatdırılmasını həyata keçirərsə, alıcının belə təklifə cavab verməməsi razılıq sayılmamalıdır.

Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

“İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov

LEGION

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir