Firəngiz Mütəllimova: "Onu çox sevirdim, anam rəhmətə gedəndən sonra ondan əl çəkdim" – FOTO

21:16


“Atalı, analı günlərim üçün çox darıxıram”

Milli.Az xalq artisti Firəngiz Mütəllimova və bacısı Nərgiz Mütəllimovanın müsahibəsini təqdim edir.

– Firəngiz xanım, xoş gördük sizi. Yenə də bacınızla bir yerdəsiz.

– Bəli, biz ayrılmaz bacılarıq. Bir-birimizə elə bağlanmışıq ki, qopa bilmirik (gülür). Teatra, kinoya, təqdimatlara birlikdə gedirik. Hətta seriala da birgə çəkilirik. Bir sözlə, günümüzü maraqlı edə bilirik.

– Ola bilməz ki, bir-birinizdən inciyib, küsən vaxtlarınız olmasın.

Nərgiz Mütəllimova: Təbii ki, olur, amma biz bunu da yoluna qoyuruq. Söz-söhbət evdə ana-bala arasında da olur. Əsas odur ki, mehribanlıq olsun. Bizi anamız həmişə bu cür mehriban görmək istəyirdi.

– Teatrdan söz düşmüşkən, həmkarlarınızın tamaşalarına gəlib baxırsınız?

Firəngiz Mütəllimova: Bəli, əlbəttə ki, gəlib baxırıq. Məsələn, Azərpaşa müəllim teatrımıza gələndən sonra çox canlanma baş verib. Onun “Ölülər” tamaşasını çox bəyəndim. Hətta deyərdim ki, dəfələrlə gəlib tamaşaya baxdıq. Son hazırladığı “Almaz” tamaşasına da bu sözləri aid edə bilərəm.

Nərgiz Mütəllimova: Firəngiz gəlib evdə tamaşanı o qədər tərifləyir ki, mən də baxmağa gedirəm. Bundan əlavə, bu yaxınlarda bacım Cəfər Cabbarlının “Almaz” əsərində Fatmanisə rolunda səhnəyə çıxdı. Çox gözəl bir premyera oldu. Həqiqətən də klassik əsərlərə teatrda müraciət olunmalıdır. Tamaşada çox gözəl səhnə tərtibatı və gözəl aktyor ansamblı var idi.

Firəngiz Mütəllimova: Mən həmkarlarımın tamaşalarına baxdığım, kimi onlar da mənim tamaşalarıma baxıb, xoş sözlərini bildirirlər. Bizdə böyük mehribanlıq hökm sürür. Bunun siz teatra gələrkən də şahidi oldunuz.

– Teatrda kimləsə küsülü deyilsiz?

Firəngiz Mütəllimova: Xeyr, heç kimlə küsülü deyiləm. Küsmək olmur ki, incimək ola bilər. O da bir anlıqdır. Əsas odur ki, kin olmasın.

– Firəngiz xanım, rəngarəng geyimlərə daha çox üstünlük verirsiniz. Bu gün də yaşıl geyinmisiz. Ümumiyyətlə, geyimlərinizi kim seçir?

– Ürəyimdən gəldi ki, bu gün yaşıl geyinim. Tam yaşıl da deməzdim, qara ilə yaşılın qarışığıdır. Rəngləri qarışdırmağı sevmirəm. Bəzən özüm seçirəm, bəzən isə inandığım insanların zövqünə buraxıram.

Bacısı müdaxilə edərək: Bəzən görürəm ki, müğənni yaşıl çanta, yaşıl geyim və yaşıl ayaqqabı geyinir. Bütün geyimində bir rəngdən istifadə edir. Geyimlərdə təkcə eyni rənglərdən istifadə etmək düzgün deyil.

Firəngiz Mütəllimova (gülür): Nərgiz, elə demə, mən də yaşıl çanta götürmüşəm. Təbii ki, geyimlər getdiyimiz yerlərlə bağlıdır. Əgər gecəyə gediriksə, rəsmi qiyafə geyməliyik. Gəzintidə bu cür rahat geyimlərdən istifadə etməliyik də.

– Çoxdur şou-biznesdə əcaib geyinənlər?

Firəngiz Mütəllimova: Əlbəttə ki, var. Tamaşaçılar bilirlər ki, kim necə geyinir. Efir bir güzgüdür. Mən şəxsən təbiiliyi sevirəm, hətta tamaşa vaxtı istifadə etdiyim parikdən də tez bezirəm. Deyirəm ki, ay Allah, bircə tamaşa bitsəydi, pariki çıxarardım. Mənə belə rahatdır, kim necə istəyir, elə də geyinsin.

Nərgiz Mütəllimova: Vallah, biz indi fikirləşirik ki, evə getsəydik, tez saçımızı yığardıq. Adam da var ki, saçına qaynaq edir. O insanlara sözün yaxşı mənasında həsəd aparıram. O qədər özünə sığal çəkir ki, adam mat qalır.

Firəngiz Mütəllimova: Mən çox bəzənməyi sevmirəm. Görürsünüz ki, heç kipriyimə tuş da vurmamışam (gülür).

Nərgiz Mütəllimova: Firəngiz üzünü yuyub efirə çıxsa da, gözəlliyi həminkidir. Tamaşaçılar onu gözəl Gülnar kimi görüb, bəyəniblər. Gülnar günü-gündən daha da gözəlləşir (gülür).

– Digər sənətkarlardan fərqli olaraq siz heç vaxt bahalı əşyalarınızı, nə də avtomobilinizi efirdə göstərməmisiz. Bu xasiyyətinizdən irəli gəlir, yoxsa yoxdur deyə göstərmirsiz?

Firəngiz Mütəllimova: Sənətkar, məncə, sənəti ilə gündəmdə olmalıdır. Tamaşaçılar bizdən yaxşı bilirlər ki, kim efirdən necə istifadə edir. Bəzən də elə sosial şəbəkələrdən. Mən çalışıram ki, öz adıma layiq səviyyəmi qoruyum. Bacılarıma, onların övladlarına da həmişə tövsiyə edirəm ki, öncə səviyyənizi qoruyun. Səviyyə olanda şəxsiyyət olursan, yox, səviyyəni qorumadınsa, şəxsiyyətdən kənardasan. Özün elə bilərsən ki, səni hamı sevir, amma sevmir. Tamaşaçı sevgisi tamaşa bitən vaxt alqış səslərindən bilinir. O ki qaldı mülkümüzə, bunun tamaşaçıya nə aidiyyatı var? Avtomobil idarə edə bilməsək də, sürücümüz var. Hara istəsək, bizi aparıb-gətirir.

– Yəqin ki, həmkarlarınız tamaşadan sonra özlərinə sifarişli hədiyyələr də göndərdirlər. Bu cür halların şahidi olmusuz?

– Bəli, o da olur. Mən heç vaxt bu cür etməmişəm. Çünki real yaşamağı sevirəm. Niyə görə özümü və tamaşaçılarımı aldatmalıyam? Hətta mənə verilən gülləri də evə aparmıram, verirəm məni geyindirən kostyumerə, qrimçiyə. Çünki mənim anam gülləri çox sevirdi, o dünyasını dəyişəndən sonra mən bu xasiyyətimdən əl çəkdim, yəni ki, evə gül aparmadım. Teatrda qaldı, ya səhnədə. Bunun mənim üçün fərqi yoxdur. Bir gülü 5 dəfə səhnəyə çıxartmalı deyiləm ki? Teatrda hamı bilir ki, kim edir, kim etmir. Mən etməyənlərdə birinciyəm. Onu da deyim ki, bu cür hallar əvvəllər daha çox müşahidə olunurdu.

Nərgiz Mütəllimova: Mən o cür insanlara xəstə kimi baxıram. Özü-özünə gül gətizdirir, bu kimə lazımdır, axı? Onsuz da tamaşaçı bilir ki, onu kim sevir, kim sevmir.

Firəngiz Mütəllimova: Şahidi olarkən baxıb sadəcə gülmüşəm. Fikirləşmişəm ki, ilahi, belə şeylər də olur? Teatrda çox nadir hallarda belə hallar baş verir, əsasən bu kimi hallar şou-biznesdə olur. Efirlərdə görürük, gülürük. Sonra da deyirlər ki, niyə arıqlayırsan? Gülürük, ət tökürük də (gülür). Zarafat edirəm, arıqlamağımızın səbəbi 6-dan sonra yemək yeməməyimizlə bağlıdır. Həm də əməliyyatdan sonra çox güclü dərmanlar qəbul edirəm.

– Firəngiz xanım, hansı günlərin həsrətini çəkirsiz?

– Şuşalı, analı-atalı günlərimin həsrətini çəkirəm. Mən Şuşada 4 fəslin dördünü də normal yaşayırdım. Elə dolu yağırdı ki, onu mən hələ heç yerdə görməmişəm. Təsəvvür edin, orada may ayında qar ərimirdi. Amma Bakıda bəzən nəfəsim sıxılır. Çünki mən oraları görmüşəm. Görünür, Şuşa da bizsiz nəfəs ala bilmir.

– Teatrda, televiziya filmlərində, seriallarda bir çox rollarda çıxış etmisiz. Bəs bundan sonra hansı rolu oynamaq istərdiniz?

– İstər klassik, istərsə də müasir əsərlərdəki Azərbaycan qadını rollarını oynamaq istəyirəm. Bu şəhid anası da ola bilər. Məişət qadını da.

– Nərgizlə bərabər “Bacanaqlar” serialında çəkilirsiz. Bəlkə, onu teatra da gətirəsiz?

– Hə, Nərgiz artıq bir neçə ildir ki, serialda çəkilir. Sevinirəm ki, mənim yanımdadır, həm də sənətini davam etdirir. Əslində bu dəvət üçün biz Elməddinə təşəkkür edirik. Nərgizin çox güclü yumor qabiliyyəti var. Serialımız da çox baxımlı və maraqlıdır. Çünki burada böyük bir kollektiv əziyyət çəkir. Serial işi kollektiv sənətdir. O ki qaldı teatra, Nərgiz hələ teatra gəlmək istəmir. Hətta o vaxt teatrın direktoru Həsən Turabov da onu dəvət etmişdi, amma gəlmədi.

Nərgiz Mütəllimova: Bəli, o vaxt teatra düşmək də çox çətin idi. Amma məni dəvət etmişdilər, nədənsə qorxub çəkindim. Teatr canlı sənətdir, səhnənin ayrıca həyəcanı var. Serialda səhv edirsən, rejissor saxlayıb deyir ki, yenidən oyna. Amma bu, teatrda mümkün deyil. Özüm teatrşünaslıq fakültəsini bitirmişəm, tamaşalara tənqidi gözlə baxıram. Hələ ki, tənqidlə məşğulam (gülür).

– Bəlkə də, çox insan fikirləşir ki, Firəngiz xanım bacısını paxıllıqdan teatra gətirmir.

Firəngiz Mütəllimova: Xeyr, o istəsə, özü gələr. Bizim aramızda heç vaxt paxıllıq ola bilməz. Bir də gördün səhnədədir. Ona nə var? (gülür).

– Sosial şəbəkələrdən də istifadə edirsiniz. Sizə nə kimi müraciətlər olur?

Firəngiz Mütəllimova: Mənə daha çox xoş sözlər və təbriklər yazırlar. Amma bəzən bacılarıma və bacım qızlarına xoşagəlməz ifadələr də yazırlar. O insanlarla bağlı da ölçü götürüləcək.

– Müsahibələrinizin birində hətta qohumlarınızın da sizi gizlincə təhqir etdiyini demisiz. Nə kimi ölçülər götürüldü?

Firəngiz Mütəllimova: Mən hazırda faktlar toplayıram. Amma “10-dan sonra” verilişinə verdiyim müsahibədən sonra təhqir yazanlar da azaldı. Biz kimə nə etmişik ki, nə də yazsınlar? Savadı olan yazmaz, yazanlar savadsızlardır. Əgər xoşun gəlmirsə, yazma da. Heç mənə baxma. Bəzən baxırsan ki, bizə yazanlar özləri bomja oxşayırlar. Mən heç vaxt təhqir yazanlara cavab verməmişəm. Bir-birinizə xoş söz yazın, əgər yazmaq istəmirsizsə, heç təhqir də etməyin.

Nərgiz Mütəllimova: Yazanlar özlərinə zülm verirlər. Camaata baxıb nə qədər paxıllıq çəkmək olar? Eləsini bloka atırıq, heç cavab da vermirik.

– Bu köhnə ədavət ola bilərmi?

– Xeyr, heç kimlə münasibətimiz pis deyil. Bizimlə kimsə ədavət saxlaya bilər, amma biz – əsla!

Əli Rəhimoğlu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində