30 min həmyerlimiz kredit fırıldağının qurbanı oldu

14:22


Gürcüstanda yaşayan soydaşlarımızın dərdi bitmək-tükənmək bilmir.

Milli.Az xəbər verir ki, bu dəfə faktor.az-a daha bir problemlə bağlı məktub daxil olub.

Məktubda yazılıb:

“Camaatımızın Gürcüstanda üzləşdiyi problemlərdən birini, xahiş edirəm, işıqlandırın.

Son zamanlar Gürcüstan hakimiyyətinin bəzi strukturları camaatımıza qarşı çox amansız münasibət sərgiləməkdədir.

Xüsusən, Kaxeti bölgəsində, soydaşlarımızın kompakt yaşadığı Qaraçöp mahalında durum çox pisdir.

30 min əhalisi olan mahalın sakinləri əkinçilik və maldarlıqla məşğuldur.

5 il bundan qabaq dövlət kənd təsərüffatının inkişafı ilə bağlı əhaliyə 3 faizlik kredit ayırmaq aksiyasına Qaraçöp əhalisi də qoşulub.

Nəticədə əhalinin banklara 120 milyon lari borcu yaranıb.

Problemin əsas qaynağı 3 faizlə verilən kreditin 18 faiz ödəmə ilə istənilməsidir. Borcları ödəyə bilməyən sakinlərin 15 evi və bir neçə özəl torpaq sahəsi artıq ərəb və çinli investorlara satılıb.

Fevral ayında isə daha 30 ev hərraca çıxarılıb. Qaraçöp əhalisi dövlət orqanlarına, Mərkəzi Bank rəhbərliyinə, İnsan Haqları Şurasına müraciət etsə də müsbət cavab ala bilməyib.

Əgər məsələ qısa müddətdə həllini tapmazsa, bu, münaqişə ilə nəticələnə bilər.

Soydaşlarımızı qərbi azərbaycanlıların taleyi gözləyir.

Sizdən xahiş edirəm, Azərbaycan hakimiyyətini bu mövzuda bilgiləndirin”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində