Hər insanın iki həyatı var

23:57


Bismilləhir-Rahmənir-Rahim!

Həmd olsun Allaha ki, bizlərə Allahın hüzurunda olmağımızın fərqinə varmaq və öz halımız, vəziyyətimiz haqqında düşünməyi nəsib edir. Bu günlər həm də Xanım Fatimeyi-Zəhranın (s.ə) əyyamını yaşadılmaqdadır. Bu əyyamların ən böyük faydası, əhəmiyyəti, əsas hədəfi – bizlərə Allahı xatırlatmaqdır. Bu kimi əyyamları yaşatmaq bizləri qəflətdən ayıldır.

 
Dünyanın zahirinə aldananların axirətə qəfləti

Qəflət insan üçün ən ciddi problemlərdən biridir. Qəflətlə müşayiət olunan həyat tərzi insanı məhvə aparır. Rəbbimiz Qurani-Kərimdə “Rum” surəsinin 7-ci ayəsində bizləri ciddi bir mövzu ilə bağlı bilgiləndirir. Ayədə buyurulur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”.

Ayədən başa düşülür ki, dünyanın zahiri dəyərsizdir. Dünya həyatının, yaşayışının zahiri böyük bir dəyərə malik deyil. Ayədən təfsiri baxımından anlaya biləcəyimiz ikinci nöqtə isə budur ki, insanların əksəriyyəti axirətdən qəflətdədirlər. İnsanlar əbədi, davamlı bir həyatın olacağının fərqində deyillər.

Hər bir insanın iki həyatı var. Biri – hazırda mövcud olduğu həyat və digəri – əbədi bir həyat. İnsan əgər əbədi həyatından qəflət etsə, müsibətlərlə üz-üzə gələr. Ayədən belə başa düşülür ki, insanların əksəri aqibətlə bağlı qəflətdədir. Bu ayədə bizlərə mühüm bir gerçəklik də çatdırılır ki, dünyaya səthi yanaşma, dünyaya üstdən yanaşma, səthi baxış insanın axirətdən qəflətə düşməsinə gətirib çıxarır.

Bu ayədən başa düşülür ki, dünyanın bir zahiri, bir də batini var. O kəs ki, mövcudiyyətini dünyanın zahiri ilə məhdudlaşdırar, əslində özünü məhv etmişdir. Bu mənada, biz nə qədər dünya həyatının batininə, gerçəkliyinə diqqət etsək, o qədər əslində aqibət, axirətlə bağlı ayılmış olarıq.

 
Qəflət nədir?

Qəflət bəhsi olduqca ciddidir. Həzrət Fatimeyi-Zəhra (s.ə) ilə bağlı ağrılı tarixi gerçəkliklərin baş verməsinin köklü səbəblərindən biri – ümmətin qəflətdə olması olub. Ümmət qəflətdə olmasaydı, Mədinə əhalisi qəflət etməsəydi, o ağrılı cinayətlər baş verməzdi. Qəflət bu anlamda özü-özlüyündə dərindən öyrənilməli mövzudur. Çünki, bizlər həm dünya işlərimizdə qəflət edə bilərik, həm axirət işlərimizdə qəflətə düşə bilərik. Bu anlamda qəflət çox zərərli bir prosesdir. Misal üçün, bir insan yol keçir. İki cür yol keçmək var. Normalda insan yolu keçməzdən öncə sağa-sola baxır, daha sonra yolu keçir. Amma yolu bu cür keçməyənlər də var. Adamlar var ki, başlarını aşağı salır, ya diqqəti telefonda olur, ya fikirləri özlərində olmurlar və s. Bu durum əslində çox təhlükəlidir. Sağdan-soldan gələn maşın vura bilər, yolun üzərində çala olar və ora düşər və s. İnsan metro ilə gedərkən adətən belə hallarla qarşılayır. Misal üçün, “Elmlər Akademiyası” stansiyasında düşməli olan insanın başı qarışır və bir də ayılır ki, artıq “20 Yanvar” stansiyasındadır.

 
Qəflət əməlləri sıradan çıxardar

Axirətlə bağlı qəflət də bu cür təhlükəlidir. Qəflət – əməli məhv edən mövzulardandır. Qəflətdə olan insanın əməli olmaz. Həzrət Əli (ə) buyurur: “Qəflətdə olan üçün əməl yoxdur”. Əməl o zaman ərsəyə gəlir ki, insan ayıq olsun, harada olduğunu bilsin, nə etdiyini bilsin. Qəflət olan yerdə saleh əməl meydana çıxmır. Buna görə də bizlər qəflətin nə dərəcədə təhlükəli olduğunu başa düşməliyik. Qəflətin özü ilə gətirdiyi faciələr var.

Qəflətin vurduğu ən ciddi zərərlərdən biri budur ki, qəflət insana axirət səfərini unutdurar. Bizim yadımızdan çıxar ki, yolçuyuq, səfər ərəfəsindəyik, əbədi səfərə hazırlığımız var, burada hazırlaşırıq. Tarixə baxanda da görürük ki, Mədinədə olan insanlar kim olduqlarını, haradan hara gəldiklərini unutdular. O qədər unutdular ki, baş verənlər artıq onlar üçün ciddi əhəmiyyət daşımamağa başladı. Laqeydlik meydana çıxdı, baş verən hadisələrdə davranışları və reaksiyaları adekvat olmadı. Çünki, axirət səfərini unutdular. Axirət səfəri unudulanda insan Peyğəmbərin (s) gözünün işığı olan Həzrət Zəhranın (s.ə) evindən çıxıb məscidə gəlməsinə və gəlməsi ilə höccəti tamam etməsinə belə diqqət etməz. Bir toplum qəflətdə olanda Fədək əmanətinin Əhli-Beytdən (ə) alınmasının belə fərqinə varmaz.

 
İnsan səhv və xətaları qəflət halında edir

İnsan ümumiyyətlə günahları qəflətdə olduğu zaman edir. Əgər ayıq olsa, etdiyinin nə olduğunu, nə nəticələrə gətirib çıxaracağını bilsə, onu hansı təhlükələrin gözlədiyini bilsə, o əməlləri etməz. Əgər insan bilsə ki, böhtan onu nə qədər məhv edir və hətta bu dünyada belə, nəticələri özünə qayıdır – böhtan atarmı? Əgər fərqində olsa ki, qeybət onun aqibətini necə zay edir – qeybət edərmi?

Əgər insan fərqində olsa ki, axirət səfəri var və o səfər üçün hazırlıqlar etməlidir, o səfərdə səmərəsi olan tədarükləri özü ilə aparmalıdır – o zaman hazırlaşar. Deməli, qəflətin özü ilə gətirdiyi ən birinci problemli mövzu – axirət səfərini unutdurmasıdır.

Qəflətin özü ilə gətirdiyi ikinci mühüm bəla – səhv etməkdir. İnsan nəyə görə qəflətdə olan zaman səhv edir? Çünki, qəflətdə olan insanın hədəfi, istiqaməti bəlli olmaz, üfüqləri itirər. Misal üçün, gedəcəyi yeri bəlli etməyən insan, istənilən dayanacaqda enə bilər və əksər hallarda da bu yanlış dayanacaq olar. Qəflətdə olan insan da aqibəti ilə bağlı davamlı səhvlər edər.

 
Qəflət bizim başımızı bu dünyaya qatar

Qəflət və başın qarışıq olması da bir-biri ilə sıx bağlıdır. Bizim çoxumuzun bəlası məhv bu məsələdədir. Bizim başımız çox qarışıb. Bir ömür başımız qarışıq yaşayırıq və bir gün də bu dünyadan gedəcəyik. Amma, başımızı qarışdıran məsələlər bizim aqibətimiz üçün xeyirli olacaqmı?

Başımızın qarışmağının əvvəli belə olur ki, yaxşı Allah bəndəsi olmaq üçün gərək yaxşı ruzi qazanaq. Sonra unudur ki, nə üçün işə başlamışdıq, nə üçün ruzi dalınca getmişdik. Hədəf unudulur, mahiyyət yaddan çıxır və işin ancaq zahiri, başımızı qatan hissəsi qalır. Beləliklə, namazları axırıncı vaxtında qılmağa başlayarıq, dualardan, camaat namazlarından və s.-dən uzaqlaşarıq. Əgər bir insan görsə ki, namazlarını axırıncı dəqiqələrdə qılmağa başlayıb – bilsin ki, başı qarışıb. Əslində o, Allaha xatir ruzi qazanmaqla məşğul deyil, sadəcə özünü aldadır.

 
Qəflət və haqq yolundan azma

Qəflətin yaratdığı ciddi problemlərdən biri insanı – haqq yolundan azdırmasıdır. Qəflətdə olan insan haqq yolundan azar. Çünki, yolda olmağının fərqində deyil. Yolu görmür, yolda nə baş verdiyini görmür, belə olduqda, təbiidir ki, azsın. Necə ki, Mədinədə o həddə qədər azdılar ki, Peyğəmbər (s) balasının (s.ə) dərdini belə soruşmurdular. Onlar sadəcə gəlib deyirdilər ki, Xanım Zəhra (s.ə) ya gündüzlər ağlasın, ya da gecə. Onlar Xanımın (s.ə) niyə ağladığını soruşmurdular. Qəflət insanı bu həddə qədər haqq yolundan azdırar. Ümmət o qədər qəflətə düşmüşdü ki, Həzrət Əlinin (ə) mehrabda şəhid olduğunu eşidəndə nədən şəhid edildiyini soruşmurdular, Əli (ə) kimi bir dühanın namaz qılıb-qılmadığını (!) təəccüblə soruşurdular. Toplum qəflət vasitəsilə o qədər deqradasiya edər, o qədər tənəzzülə uğrayar ki, ən aydın şeylərdən uzaq düşər.

Qəflətin ən ciddi məsələlərindən biri – insanla moizə, nəsihət arasında fasilə yaratmasıdır. Qəflətdə olan insan moizə, nəsihət eşitməz. Hər birimiz iki cür halda ola bilərik: moizə qəbul etməli halda və özümüz hamıya hər şeyi öyrədə bilərik düşüncəsi ilə yaşayan halda. Qəflət insanın moizə qəbulediciliyini çox aşağı salar.

 
Qəflətin məstliyi şərabdan da dərindir

Qəflət insana bir məstlik gətirər. Həzrət İmam Səccad (ə) buyurur: “Vay olsun sənə, ey Adəm övladı. Bil ki, çox yeməyin ağırlığı və tənbəllik o şeylərdəndir ki, insanı əməldən saxlayar. Allahı xatırlamağı aradan aparar. Ölümünün yaxın olmağından qəflətdə saxlayar. O yerə qədər ki, insan dünya vurğunluğuna giriftar olar”.

Deməli, iki mühüm məsələ var ki, insanı qəflət halına gətirib çıxardar. Bunlar həm də dünya həyatının zahirindən bəhrələnmə mənasındadır. Bunlar çox yemək və çox yeməyin ağırlığıdır. Çox yemək, çox yatmaq, şəhvətin arxasınca getmək insanın evini yıxan məsələlərdir. Qəflət vaxtı bu məsələlər meydan sulayır. Qəflət vaxtı ağıl hökm sürmür, ağıl işıq salmır. Qəflət vaxtı meydan – şəhvlətlərin, həvayi-nəfslərin əlindədir. Ən iffətli insanlar qəflət etsə, şəhvətlər onlara qalib gələr. Zina bu gün tək küçələrdə deyil. Bu gün ən böyük faciə budur ki, insanlar qəflət edərlər, virtual dünyada, internetdə göz zinası edərlər.

Adam qəflət edəndə öz evində ailəsinə bir xoş söz deməyə ərinər. Dinimiz buyurur, tövsiyə edir ki, evdə kişi xanımına xoş sözlər, duyğulu sözlər desin. Bu, həm də insanın imanının göstəricisidir. Amma, qəflət edən insan naməhrəmlərə deməyə xoş sözlər, xoş təriflər axtarar. Bunun paralelində hər gün evdə diqqətsizlik görən xanım, əgər imanla, Allah bəyənənlərlə yaşamasa, naməhrəmlə fasiləsini qorumasa, virtual aləmdə digərlərindən həmin xoş sözləri eşidəcək. Həm də bu səbəblərdən ölkəmizdə hər beş, altı ailədən biri dağılır və bu faciə dərinləşir.

 
Ölüm əslində çox yaxındır

İmamın (ə) buyuruşundan aydın olur ki, qəflət edən insan ölümün yaxın olduğunu unudar. Biz elə bilirik ki, ölümə hələ çox var. Nə çox ətrafda insanlar ki, bir neçə ay öncə xəstəlik aşkarlanır və artıq aramızda yoxdur. Xüsusən XXI əsrin xəstəlikləri belədir ki, bu gün aşkarlanır, bir neçə aya artıq insan bu dünyaya vida edir. Kimin bunlardan sığortası var? Onu demirik ki, yola çıxanda hər an maşın vura bilər, təmir olunan yerdən üzərinə bir daş düşə bilər və s.

Dünya həyatının zahirini yaşamaq insana bir eyforiya, məstlik gətirər. Bu məstlik şərabın yaratdığı məstlikdən də dərin olar. Bu, bir eyforiya halında olar və nəticədə insanın əməl tofiqatı olmaz. Belə olan halda Allahı xatırlamarıq, ölümün yaxın olmasından qəflət edərik. Bu zəlalətin ən pik nöqtəsi isə insanın dünya vurğunluğuna giriftar olmasıdır. Dünya vurğunluğuna giriftar olan insanın geriyə dönüşü artıq çətin olar. Ona xəstə olduğunu belə, inandırmaq çətin olar ki, özünü müalicə etsin. Elə zənn edər ki, nə varsa, elə bu dünyadadır.

Allahım, bizləri qəflət durumundan çıxanlardan qərar ver!

Allahım, bizi hər zaman ölümü xatırlayanlardan qərar ver!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

 
Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində