“FƏXRİMİZ” redaksiyasının (Hakimiyyet.az) kollektivi 4 saylı uşaq vərəm sanatoriyasında möhtəşəm xeyriyyə tədbiri keçirib.

“FƏXRİMİZ” redaksiyasının  (Hakimiyyet.az)  kollektivi olaraq , xüsusilə redaksiyamızın təsisçisi Nurəli Məmmədov və bu gözəl tədbirimizin təşkilatçılarından biri olan Fuad Əliyevlə birlikdə sevgi və qayğıya ehtiyacı olan uşaqlara sevincli bir gün daha yaşatmaq qərarına gəldik. Redaksiyamızın keçirdiyi tədbirlər siyahısına bu gözəl balalarla olan görüşümüzü də əlavə etdik.

 

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

(Heydər Əliyev)

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman götərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir. Belə uşaqlara nəzarət və qayğının göstərildiyi məkanlardan biri də Xətai rayonu 4 saylı uşaq vərəm sanatoriyasıdır.

Əvvəllər uşaq evinə getmək mənim üçün çox çətin idi, onların baxışlarına dözə bilməyəcəyimi düşünürdüm. Fikirləşirdim ki, ora getsəm özümü pis hiss edərəm, göz yaşlarım onların qəlbindəki köz tutmayan yaraları qanadar, onları üzər. Amma bir gün redaksiyamızın şöbə müdüri Günel xanım məni də bu gözəl tədbirə dəvət etdi, bütün cəsarətimi toplayıb iş yoldaşlarımla birgə uşaqlar evinə getməyi qərara aldım. İçəri girdik, məsum baxışlar üzümüzə zilləndi. Sonsuz suallar yağışı yağırdı bu baxışlardan.

Bu Uşaq Evlərində gələcəyin həkimləri, müəllimləri, hüquqşünasları, alimləri, rəssamları, rəqqasları, idmançıları və s. yetişir. Onların gələcəkdə öz bilik və bacarıqları ilə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə cəmiyyətin müstəqil üzvü kimi formalaşacaqlarına inanıram. Amma bunun üçün onlara ən çox həsrətində olduqları şeyləri verməliyik. Nəvaziş, sevgi və ümiddir onların istədikləri . Bu uşaqları istədiklərindən məhrum etməyək.

Bəli, bugünki  uşaqlarla olan tədbirimiz beləcə başa vuruldu. Bu gözəl, əyləncəli günün həyata keçirilməsində, üzlərində məsumiyyət daşıyan, sanki bir inci damlası olan uşaqların xoş bir gün daha yaşamasında əməyi keçən hər bir kəsə sonsuz minnətdarlığımı bildirirəm.

Gözəl foto kadırlara görə, Fotoqraf Coşqun İsmayılova təşəkkürümüze bildiririk!

 

“Fəxrimiz” redaksiyasının müxbiri İlahə Məmmədova