Xudat-Yalama yolunda baş vermiş yol qəzası niyə gizlədilir?

HAKIMIYYET.AZ-ın verdiyixəbərə əsasən Martın 12-də Xudat-Yalama yolunun Ləcət kəndindəki döngəsində yol-nəqliyyat qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində hər iki tərəfdən xəsarət alanlar var. Xudat şəhər xəstəxanasındakı məlumatlı mənbədən “Şimal xəbərləri”nə verilən informasiyaya əsasən, hadisə zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Xaçmaz ərazisində xidmət edən əməkdaşı Vüsal Quliyev, polis əməkdaşları olduğu ehtimal edilən Famil Məhərrəmov və Ruslan adlı şəxslər daha ciddi xəsarət alıblar. Polis əməkdaşlarının olduğu maşının markası bilinməsə də, digəri “Mersedes” markalı avtomobil olub. Polislər xidməti avtomobildə olmayıblar. Hadisə zamanı onların olduğu avtomobilin Vüsal Quliyev tərəfindən idarə olunduğu iddia olunur. Məlumata görə, xəsarət alanlar əvvəlcə Xudat şəhər xəstəxanasına, oradan isə Xaçmaz rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər. Daha sonra polislərin daxili işlər nazirliyinin hospitalına aparıldığı bildirilir.

“Şimal xəbərləri” qəzetinin əməkdaşı baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb, lakin nahar fasiləsi olduğu üçün informasiyanı dəqiqləşdirmək mümkün olmayıb. Xaçmaz rayon hüquq-mühafizə orqanlarından isə məlumat əldə etmək cəhdləri baş tutmayıb. Bununla belə, hadisənin şahidi olan bəzi kənd sakinləri yol nəqliyyat hadisəsi barədə müəyyən informasiya veriblər.

Qeyd edək ki, adıçəkilən Vüsal Quliyev əvvəllər Xaçmaz rayon polis şöbəsinin yol polisi bölməsində xidmət edib.

“Şimal xəbərləri” olaraq biz hadisənin təfərrüatlarını öyrənməyə çalışırıq. Lakin hadisə barəsində və qəzanın hansı səbəbdən baş verməsi haqqında açıqlama verilməməsi çox maraqlı görünür…

Biz ilkin əldə etdiyimiz məlumatı yayırıq və heç kəsi günahlandırmaq fikrində deyilik. Qarşı tərəflərin mövqeyini olduğu kimi dərc etməyə də hazırıq.

“Şimal xəbərləri”

HAKIMIYYET.AZ