Dünya kubokunda gimnastlar tamaşaçılar üçün şou göstərməyə çalışacaqlar

17:00

“Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kubokunda gimnastlar tamaşaçılar üçün şou mühitinin yaradılması üçün əlindən gələni edəcəklər”.

Milli.Az xəbər verir ki, bunu Trend-ə əfsanəvi rumıniyalı gimnast, üçqat Olimpiya çempionu Katalina Ponor deyib.

O bildirib ki, Dünya kubokundan gözləntiləri yüksəkdir: “Mənim üçün əsas odur ki, zədə olmasın. Bu, Rumıniyadakı Avropa çempionatına hazırlaşmaq üçün yaxşı mərhələdir”.

Gimnast Bakıya ilk dəfə gəldiyini deyib: “Bu yarışlar üçün qeyri-adi işıqlandırma seçilib. Tamaşaçılar üçün bu, çox baxımlı olacaq. Gimnastlar üçün bir qədər qeyri-adi olsa da, biz əlimizdən gələni edəcəyik ki, şou təşkil edək”.

K.Ponor heç kimi öz rəqibi kimi görmədiyini deyib: “Biz hamımız dostuq, bir-birimizi dəstəkləyirik, tez-tez görüşürük. Ona görə bu yarışa rəqabət kimi baxmırıq”.

Olimpiya çempionu etiraf edib ki, 2007-ci ildə karyerasını başa vurduqdan sonra böyük idmana qayıtmaq çətin olub: “Bu, böyük fasilə idi. Geri qayıtmaq və eyni səviyyədə qalmaq çox çətindir. Amma mən bunun üçün çalışıram. Mən iddialıyam və nəticə əldə etmək niyyətindəyəm”.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində