"Prezidentin səfəri siyasi-iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni əsaslar yaratdı"

17:02


“Azərbaycan Prezidentinin Fransaya səfəri hər şeydən öncə iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəlməsi ilə yadda qaldı. Prezident İlham Əliyev qeyd etdi ki, aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Düşünürəm ki, bu səfəri xarakterizə edən ən mühüm tezislərdən biri elə budur. Çünki siyasi dilaoqun yüksək səviyyədə olması bütün digər əlaqələr üçün açar rolunu oynayir”.

Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkilinin fikrincə, ikinci mühüm bir məsələ onunla bağlı oldu ki, Prezident İlham Əliyev Avropanın aparıcı ölkələrindən biri olan, ATƏT-in həmsədri olan bu ölkənin Prezidenti ilə görüşdə bir daha qətiyyətlə vurğuladı ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır:

“Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Daha sonra həmsədr ölkələrin bu istiqamətdə səylərinə toxunan Prezident bildirdi ki, Minsk qrupunun həmsədr ölkələri olan Fransa, Rusiya və ABŞ-ın prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir: “Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”. Bundan başqa, ölkələrimiz arasında iqtisadi müstəvidə olduqca yaxşı perspektivlərin olduğu və bunun hər iki ölkəyə dividendlər qazandıracagı ilə bağlı müzakirələr aparıldı”.

Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə bu istiqamətdə atılacaq addımlar bir daha diqqət mərkəzinə gətirildi:

“Eyni zamanda təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, kosmik sənaye, informasiya texnologiyaları və s. kimi sahələrdə də mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Qeyd etmək lazımdır ki, bu səfər Fransa-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ yaratmaqla, siyasi-iqtisadi əlaqələrin daha geniş sektorlara şaxələnməsi üçün yeni əsaslar yaratdı ki, bu da hər iki ölkənin milli maraqlarına cavab verir”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində