Özbəkistan Prezidenti Novruz şənliyinə qatıldı – FOTO

09:59


Daşkənddəki Abdulla Qədiri adına parkda Novruz şənliyi təşkil olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi şənlikdə hökumətin və Senatın üzvləri, Ali Məclisin deputatları, dövlət və ictimai təşkilatların nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Tədbirə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, həmçinin səfirliyimizin əməkdaşları da qatılıblar.

Şavkat Mirziyoyev səfirlər və beynəlxalq təşkilatların nümayəndələri və bayramda iştirak edən ağsaqqallarla görüşüb, xalq sənəti ustalarının, toxucu qadınların əl işlərinə baxıb, onlarla söhbət edib, bu əziz bayram münasibətilə təbriklərini çatdırıb.

Özbəkistan Prezidenti gənclərin iştirak etdiyi xalq oyunlarına, şən və hazırcavablar klubunun çıxışlarına və geniş konsert proqramına da baxıb.

Martın 20-si Daşkəndin 20-dən artıq parkında Novruz münasibətilə şənliklər, xalq gəzintiləri keçirilib, bu məkanlarda bayram şənlikləri martın 21-də də davam etdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində