Formula 1 Azərbaycan Qran Prisində azyaşlılar üçün bütün tribunalara endirimli biletlər təklif olunur

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2-16 yaş qrupunda olan tamaşaçılara endirimli qiymətə dördgünlük biletlər təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə yalnız tribunalar üçün nəzərdə tutulan bu biletlər məhdud sayda satışa çıxarılıb və onların qiyməti tribunadan asılı olaraq 140-480 AZN arasında dəyişir.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Formula 1 həvəskarlarını endirimli bilet imkanından yararlanmağa dəvət edir: “Biz azarkeşlərə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışında ailəcə iştirak etmək üçün geniş imkanlar təqdim etməyə çalışırıq və ötən illə müqayisədə bu il azyaşlılar üçün daha çox sayda endirimli bilet təklif edirik. Bu gündən etibarən azyaşlılar üçün artıq bütün tribunalara bilet almaq mümkün olacaq. Bilet sahibləri yarışı izləməklə yanaşı müxtəlif yaş qrupları üçün nəzərdə tutulan zəngin əyləncə proqramlarından da yararlana biləcəklər. Bir sözlə, Bakı Şəhər Halqasında yarış həftəsonu ərzində ailəcə yarış və əyləncənin bir arada yaşandığı festival ab-havası olacaq. Hamını tez davranıb bilet alaraq bu fürsəti əldən verməməyə çağırıram”.

Dördgünlük bileti olan azyaşlı tamaşaçılar Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı cümə axşamı günü baş tutacaq Pit Yolu gəzintisində və həmçinin yarış həftəsonu ərzində dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında da iştirak edə biləcəklər.

Bu il Formula 1 Azərbaycan Qran Pri yarışı 23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq. Avtoidman həvəskarları yarışa biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bununla yanaşı, biletlər BŞH-nin rəsmi veb-səhifəsində də onlayn qaydada satışdadır: www.bakucitycircuit.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir