Azərbaycanda qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı



Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıblar.

Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir.

Bu haqda Hakimiyyet.Az-a özəl açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mübariz Qurbanlı bildirib.

Komitə sədri deyib ki, ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. 

Onun sözlərinə görə, Sovetlər Birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur. 

“Hazırda ölkə ərazisində 13 kilsə, yeddi sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı var. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş 861 dini icma fəaliyyətdədir. Bunlardan 830-u İslam, 31-i qeyri-İslam təmayüllüdür”, – deyə M.Qurbanlı bildirib.

Ölkədə fəaliyyət göstərən bütün dini icmalara öz dini ayinlərini həyata keçirmək üçün lazımi şəraitin yaradıldığını söyləyən komitə sədri deyib ki, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, digər dini icmalara da mütəmadi olaraq maliyyə yardımı ayrılır.

Ümumiyyətlə, dövlətin din siyasətinin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunmasının önəmli yerlərdən birini tutduğunu deyən DQİDK sədri bu dəyərlərin qorunmasında dini maarifləndirməyə xüsusi diqqət yetirildiyini qeyd edib. 

M.Qurbanlı diqqətə çatdırıb ki, komitə tərəfindən Bakıda və bölgələrdə keçirilən konfransların, görüşlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə töhfə vermək və yad dini ideologiyaların yayılmasına qarşı mübarizə aparmaqdır. 

O, cəmiyyətdə, xüsusilə gənclər arasında xurafatın, eləcə də, zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.

Din pərdəsi altında gizlənən radikal qrupların məqsədinin stabilliyi pozmaq, xaos yaratmaq yolu ilə öz siyasi ambisiyalarını həyata keçirmək olduğunu qeyd edən komitə sədri Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən bu cür halların qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.

Kamil HƏMZƏOĞLU


Facebook səhifəmizi izləməyi unutmayın!