Nərmin Şahmarzadə və Təhsil İnstitutunun daşı altındakı şahmar ilanlar…

Haqq etmədiyi şeydən ikiəlli yapışan Aygün Əzimovanın növbəti saxtakarlığı
Son vaxtlar gündəmi zəbt edən hadisələrdən biri və bəlkə də birincisi bəzi qüvvələr tərəfindən cəmiyyətə “fərqli fikirləri ilə tanınan psixoloq” kimi sırınan Nərmin Şahmarzadənin şəhid Milli Qəhrəman, qanı ilə tarix yazmış Mübariz İbrahimovu “qəddar cinayətkar” adlandırması oldu.
Xalq Nərmin Şahmarzadənin cavabını verdi. Millət vəkilləri də Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pislədilər. O da bəlli oldu ki, Nərmin Şahmarzadə hələ tələbədir, onun ali təhsilini bitirib psixoloq olmasına hələ illər qalıb. Ola bilsin ki, sabah təhsilində öz qabiliyyətsizliyi ucbatından müvəffəqiyyətsizliyə uğrasa, bu gün baş verənlərdən şantaj məqsədilə sui-istifadə edə bilər. Məsələn, söz yaya bilər ki, “azad fikir” səsləndirdiyinə görə onu universitetdə sıxışdırırlar. Təhsil müəssisəsi də şantaj qarşısında aciz qalıb onu məzun oluncayadək “yola verə” bilər. Və bir də görərik ki, dünən Milli Qəhrəmana “dil uzadan” bir gün “psixoloq-alim” oldu. Hələ bu, hadisəni müşayiət edə biləcək mümkün assosiasiyalardan, versiyalardan biri və bəlkə də ən yüngülüdür. Ona görə “yüngül” deyirik ki, Şahmarzadənin sosial şəbəkədəki profilində erməni internet istifadəçiləri ilə də dostluq etdiyi bəlirlənib. O, məhkəməyə veriləndən sonra Milli Qəhrəmanın ailəsindən üzr istəsə də, bunu öz fikirlərinin doğru olmaması ilə deyil, oğul itirən İbrahimovlar ailəsinin həssaslığı ilə əlaqələndirib ki, bu da üzrxahlığın qəbul edilməsi üçün yetərli deyil.
Öz anket məlumatlarını bilərəkdən, məqsədli şəkildə düzgün tərtib etməmiş,Təhsil İnstitutunda vermiş olduğu minimum imtahanlarda çoxlu şübhələr olan, kəsə yolla “alim” olmağı hədəfləmiş Aygün Əzimova da günlərin birində Nərmin Şahmarzadədən də betər cəmiyyəti çaşdıran ifadələr işlədə bilər. A.Əzimovanın qəbahətləri barədə saytımızda artıq “Təhsil İnstitutunun adi dəyişdi, təhsilə törətdiyi problemlər qalmaqdadir” adlı birinci, sorğu məktubumuza isə əndrəbadi cavab göndərən  İnstitut rəhbərliyi haqda isə “Təhsil institutu saxtakarlığı ört-basdır edir?” başlıqlı ikinci məqalə dərc etmişik. Hələ də elmi işi  tamamlanmamış A.Əzimova sanki bu sahəyə nəzarət edən qurumları, məsul olan şəxsləri hansısa elmdən kənar “üstün” məziyyətləri ilə elə bil ki boyunduruq altına salıb. Kimlərsə elə bil öhdəlik götürüblər ki, bu qadın mütləq alimlər cərgəsinə qatılmalıdır.
Mediatv.az saytı bu günlərdə A.Əzimovanın daha bir yalanının üstünü açıb. Məlum olub ki, Əzimovaya aid olduğu bildirilən feyzbuk profilində özünü “Stimul” hospitalının və “Lider” klinikasının psixoloq-həkimi kimi təqdim edir. Doğruluğundan şübhələndiyimiz bu təqdimatın dəqiqləşdirmək üçün Dövlət Əmək Müfəttişliyinə sorğu ilə müraciət etdik. Müfəttişlikdən gələn cavab məktubunda  bildirilir ki, “Stimul” hospitalının Aygün Əzimova adlı işçisi heç bir vaxt olmayıb və “Stimul.S Hospital”la A.Əzimova arasında əmək münasibətlərinin olmadığı qeyd edilir. “Lider” adlı klinika isə ümumiyyətlə işləmir və iki ildən artıqdır ki fəaliyyətini dayandırıb.Belə çıxır ki bu qadın həyatını yalanlar üzərində qurub.Cəmiyyəti və dövləti aldadır,bu işə məsul olan şəxlər isə hələ ki susqunluq nümayiş etdirir.Bax budur real gerçəklik.Onun qanunazidd əməllərinə göz yumanlar, bu işdə məsuliyyəti olan şəxslər yəqin bilirlər ki elmimiz və cəmiyyətimiz üçün Nərmin Şahmarzadədən betər problem “yetişdirirlər”.
Daha acınacaqlı hal budur ki, özünü cəmiyyətə vacib persona kimi təqdim etməyə çalışan A.Əzimova istəklərini həyata keçirməyə nail olur. Yolu üstündə gerçək imtahanlar qurulmayıb, “yaşıl işıq” yandırılıb. Təşviş doğuran məqam budur ki, Əzimovaya hətta bəzi telekanallar da tribuna verir, verilişlərdə ekspert kimi rəyini öyrənirlər.Özünün təhsilində problem olan bir şəxs televiziyaya çıxıb cəmiyyətə sanki “əxlaq dərsi keçir.” Kim zəmanət verə bilər ki, haqq etmədiyi şeydən ikiəlli yapışan bu qadın sabah birbaşa efirdən öz savadsızlığı və ya tamah məqsədilə müqəddəs bir ümummilli dəyərimizi aşağılayan açıqlamalar verməyəcək, növbəti şəhid qəhrəmanımızın ruhunu narahat etməyəcək? – Bu gün durdurulmasa, heç kim! Kim deyə bilər ki, Əzimova elmi titula yiyələnəndən sonra özünü hansısa holland psixoloq aliminə tay tutub Azərbaycan cəmiyyətinə yad olan və milli mentalitetə uyğun olmayan “elementləri” təbliğ etməyəcək? – Həmən zərərsizləşdirilməsə, heç kim!

Hakimiyyet.Az