Baş redaktor məhkəmədə ifadə verdi



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Hakimiyyet.Az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə A.Məmmədov özünü təqsirli bilmədiyini deyib. 

O, sərbəst ifadəsində ona qarşı irəli sürülmüş ittihamları absurd hesab edib. Onun sözlərinə görə, saytda yazdığı yazılar sırf jurnalistika peşəsinə uyğun olub: 

“Yazılardan biri “Turan” İnformasiya Agentliyindən istinadla vermişəm. Digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadən vermişəm. Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim və ümumiyyətlə münasibətim belə olmayıb”.

Daha sonra A. Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova şahid qismində məhkəməyə dəvət edilib. O, yaxın qohum olduğunu deyərək, ifadə verməkdən imtina edib. 

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək. 

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Facebook səhifəmizi izləməyi unutmayın!