AzTV-də yoxlama başladı: xeyli rəhbər şəxs çıxarıldı – Yeni təyinatlar oldu + SİYAHI

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları ilə bağlı suallara aydınlıq gətirilib.

Hakimiyyet.Az xəbər verir ki, AzTV-nin mətbuat katibi Xatirə Qasım Modern.az saytına açıqlamasında televiziyada kadr islahatları aparıldığını təsdiqləyib. 

O həmçinin bildirib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Aparat rəhbəri Dəyanət Cəfərov öz ərizəsilə işdən ayrılıb:

“Onun işdən çıxması indiki kadr islahatları ilə bağlı deyil, bu, hələ Arif Alışanovun sədrliyi dövründə baş verib”.

X.Qasımova deyib ki, Aparat rəhbəri vəzifəsinə yeni təyinat da olub: “Aparat rəhbəri vəzifəsinə Cabbar Quliyev gətirilib”.

Mətbuat katibi həmçinin, mühasibatlıq şöbəsində də dəyişikliklər aparıldığını qeyd edib: “İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev tutduqları vəzifədən azad olunublar”.

Şahrza Əliyevin yerinə Auditorlar Palatasının əməkdaşı olmuş Natiq Kərimov gətirilib.

Aparat rəhbəri vəzifəsinə təyinat alan Cabbar Quliyev əvvəllər “Mədəniyyət” telekanalında direktor müavini, İctimai Televiziya da isə baş direktor müavini vəzifələrində çalışıb.
****

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov “təmizləmə əməliyyatı”na başlayıb.

CAHAN.İNFO “qafqazinfo”ya istinadən xəbər verir ki, R. Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılmasına diqqət yönəldib. Bu səbəbdən QSC-nin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və müavinləri vəzifəsindən azad olunub. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

Televiziyanın maliyyə idarəsinə isə yeni rəhbər təyin olunub.

Qeyd edək ki, Şahrza Əliyev Arif Alışanova ən yaxın şəxslərdən biri idi.

Kadr islahatına daxil olan digər məsələ “Xəbərlər” informasiya studiyası ilə bağlıdır. Bu studiyada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar da artıq işdən azad olunublar.

***

Şahrza Əliyev uzun illər Təhsil Nazirliyi maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb. Misir Mərdanov təhsli naziri postundan getdikdən qısa müddət sonra sabiq təhsil naziri Mikayıl Cabbarov onu istefaya göndərmişidi.

Ş.Əliyevin adı bir çox maliyyə pozuntularına hallansa da, o, özünü qoruya bilmişdi. Bir müddət sonra isə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin maliyyə idarəsinə rəisi gətirilmişdi. Alışanovla münasibətləri yaxın olduğundan qurumda ən yaxın kadrı kimi tanınırdı.

Görünən odur ki, yeni sədr əvəzi Alışanov və yaxın ətrafının fəaliyyətinin araşdırılması tapşırığını verib.