Bakıda parklanmalardan qanunsuz pullar yığdıran Coşqun Əliyev kimdir?

Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi və havadarları Bakı meri Eldar Əzizovu da özlərinə şərik etdiklərini iddia edirlər

Paytaxt Bakının ən böyük problemlərindən birinə çevrilən avtomobil dayanacaqları ilə bağlı müəmmalar davam edir. Şəhərin mərkəzində yaradılan parkamantların Bakı Nəqliyyat Agentliyinə verilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə adı çəkilən qurum arasında anlaşılmazlığa gətirib çıxardıb.

Belə ki, Bakı Nəqliyyat Agentliyi parkamantları tam təhvil almasada adı çəkilən qurumun adı ilə daynacaqlardan vəsaitlər toplanmaqda davam edir. Məsələ ilə bağlı bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli mətbuat konfransı keçirərək hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti olmadığını bildirmişdi:

“Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”.

Paytaxtdakı avtomobil parkomantlarında baş verən özbaşınalıqlarla bağlı AzTodayaz-a daxil olan məlumatda vurğulanır ki, həqiqətən də dayanacqlardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyatı yoxdur. Parkomantların Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilməsindən sui-istifadə edən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəhbərliyi dayanmadan qanunsuz pul qazanmaqla məşğuldur. Etibarlı mənbənin AzToday.az-a verdiyi məlumatda qeyd olunur ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Coşqun Əliyev və havadarlarının yaratdıqları qruplar gün əzində parkomantlara qoyduqları nəzarətçilərdən külli-miqdarda vəsaitlər toplamaqla məşğuldurlar.

Coşqun Əliyev və havadarları bu məsələyə Bakı meri Eldar Əzizovu da şərik etdiklərini və yığılan pulların bir hissəsinin ona çatdığını deyirlər. Mənbəmiz bildirir ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi rəisi və havadarları paytaxtdakı parkomantların Bakı Nəqliyyat Agentliyinə verilməsini heç cürə həzm edə bilmirlər. Çünki yarandığı gündən parkomantlardan milyonlar oğurlayan adı çəkilən idarə artıq havada qalıb və çox güman ki, ləvğ olunmaq üzrədir. Məhz bunu nəzərə alan Coşqun Əliyev və “komanda”sı Bakı Nəqliyyat Agentliyi adından gündəlik bir neçə on min manat vəsait yığırlar.

Aztoday.az-a verilən məlumatda qeyd olunur ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi rəisi Coşqun Əliyev və Bakı Şəhə İcra Hakimiyyətindəki havadarları parkomantların Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsi məsələsinin uzanmasında maraqlıdırlar. Mənbəmiz təhvil-təslimin uzanması üçün soyğunçu qruplaşmanın bütün vasitələri işə saldığını və mediada Bakı Nəqliyyat Agentliyinə qarşı piar apardığını da qeyd elədi…