Deputat AŞPA-nı milli azlıqlar məsələsində ehtiyatlı olmağa çağırdı



“Milli azlıqların qorunması haqqında” Çərçivə Konvensiyasına uyğun hüquqların icrası dövlətlərin ərazi bütövlüyünü və Konvensiyanın monitorinq sistemini sarsıdan fəaliyyətlər olmamalıdır və Məşvərət komitəsini bu məsələlərdə ehtiyatlı olmağa çağırıram.

Hakimiyyet.Az xəbər verir ki, bu sözləri AŞPA-nın qış sessiyasında “Milli azlıqdan olan insanların hüquqlarını təşviq etmək” adlı məruzənin müzakirəsində Azad Demokratlar Qrupu adından qrupun vitse-prezidenti Qənirə Paşayeva söyləyib.

Millət vəkili bildirib ki, Məşvərət Komitəsinin vəzifəsi üzv dövlətlərdə müvafiq hüquq və azadlıqların yaxşılaşmasına yönələn tövsiyələr verməkdir:

“Buna görə də komitə üzvləri bu məsələnin həssaslığını daha yaxşı anlayan, Avropanın müxtəlif regionlarının və ölkələrinin tarixi və xüsusiyyətləri barədə zəruri ixtisasa və bacarıqlara malik təcrübəli, səriştəli ekspertlər olmalıdır.

Komitənin tövsiyələri Konvensiyanın dilinə və ruhuna uyğun olmalı, milli azlıqların hüquqlarının qorunmasını və təşviqini irəli çəkmək məqsədinə xidmət göstərməlidir.

Bu məsələlərin həssaslığını nəzərə alaraq, bütün səylər Avropada bölünmələrin və gərginlik mənbələrinin yaradılmasının qarşısının alınmasına yönəlməli və komitə öz işində Çərçivə Konvensiyasının səmərəli şəkildə həyata keçirilməsi vasitəsilə Avropa xalqları və millətləri arasında birlik və həmrəyliyin əldə edilməsi məqsədi daşımalıdır”.

Q.Paşayevanın sözlərinə görə, Azərbaycan Çərçivə Konvensiyası çərçivəsində qarşılıqlı hörmət və anlaşma əsasında konstruktiv dialoqa hazırdır və açıqdır.

O, ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayıraraq bildirib ki, Avropanın gələcəyi üçün bu məsələyə yanaşma birmənalı olmalıdır. 

Deputat Avropa Şurasının “Milli azlıqların qorunması haqqında” Çərçivə Konvensiyasının milli azlıqların qorunması ilə bağlı həssas məsələləri əhatə etdiyini söyləyərək, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əməl olunmasının vacibliyini diqqətə çatdırıb.

Onu da xatırladaq ki, Çərçivə Konvensiyası ilə bağlı məruzə qəbul edilib.

Facebook səhifəmizi izləməyi unutmayın!