Ucar hərbi komissarı Rusiya vətəndaşını girov saxlayıb – İttihamlar…

“Cənab prezident, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi vətəndaşlıq hüququmu pozaraq süni əngəllər yaradır”.

Cahan.info-nun xəbərinə görə, bu sözləri Ucarda anadan olmuş, Rusiya vətəndaşı Qafarov Rəşad Xudaverdi oğlu ölkə başçısına məktubunda yazıb.

Onun sözlərinə görə, Rusiyanın Yaroslavl şəhəri, 3-cü Pyatovskaya küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. R.Qafarov Ucar hərbi komissarlığından şikayətçidir.

“2002-də əmimlə Rusiya vətəndaşı olan atamın yanına getmişəm. 2005-ə kimi Yaroslavlın 11 nömrəli orta məktəbində təhsil almışam. 2005-2009-cu illərdə Yaroslavl Texnologiya Kollecini bitirib, hüquqşünas ixtisasına yiyələnmişəm.

15 dekabr 2009-cu ildə Rusiyada hərbi xidmət keçmişəm. Hərbi biletdə qeydiyyat aparılıb. Yaroslavlın notariusu Şerbaçeva Olqa İvanovana tərəfindən təsdiq edilmiş və reyestrdə 60 nömrə ilə qeyd edilmiş ərizə ilə Azərbaycan vətəndaşlığından imtina etmişəm”, – deyə R.Qafarov bildirib.

Onun dediyinə görə, bütün sənədləri Rusiyanın Miqrasiya məsələləri üzrə yerli İdarəsinə təqdim edib: “Həmin İdarədən mənə təqdim edilən cavab məktubu Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilib.

23 oktyabr 2016-ci ildə Azərbaycana qonaq gəlmişdim. Rusiyaya getmək istəyərkən sərhəd keçid məntəqəsində mənə bildirdilər ki, sərhədləri keçməyinə qadağa qoyulub.

Səbəbini soruşduqda mənə rəsmi olaraq hər hansı bir sənəd və ya məhkəmə qərarı təqdim etmədilər. Həmin il 25 noyabrda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsi sənədlərimin araşdırılması üçün Ucar Prokurorluğuna müraciət edib.

Ucar Rayon Prokurorluğunun göndərdiyi məktubda bildirilir ki, Qafarov Rəşad Xudaverdi oğlunun uçot kartasında çağırışçının müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə müvafiq qərar qəbul edilməyib”.

Cahan.info yazır ki, toplanmış materiallara hüquqi qiymət verən Ucar rayon Prokurorluğu çağırışçı Qafarov Rəşad Xudaverdi oğlu barəsində Cinayət Məcəlləsinin 321-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsinə əsasən cinayət təqibinin aparılması yolverilməz hesab edib.

“25 noyabr 2016-cı il tarixdən bu günə kimi vətəndaşı olduğum Rusiyaya qayıda bilmirəm. Bu müddətdə məni işimdən azad ediblər. Bunun nəticəsində mənə külli miqdarda maddi və mənəvi ziyan dəyib.

Mənim sərhədi keçməyimə qadağa qoyulmasının əsas səbəbi kimi mənim hərbi xidmətdə olmamağım göstərilir. Cənab prezident, Rusiya vətəndaşıyam, hərbi xidməti orda keçmişəm, bunu təsdiqləyən hərbi bileti. Sənədləri təqdim etmişəm. Amma vətəndaşı olduğum ölkəyə qayıda bilmirəm. Xahiş edirəm ki, köməklik göstərəsiniz”.

Xia.az xəbər verir ki, Ucar rayon hərbi komissarı Asif Nemətov hərbi xidmətə yararsız və xəstə olan Ucar sakini Əzizov Sadiq Yaqub oğlunu qanunsuz olaraq hərbi xidmətə göndərmək istəyir.

Hərbi komissar xəstənin atasından 5000 manat pul istəyir ki, oğlunu hərbi xidmətə aparmasın. Ucar rayon hərbi komissarı Asif Nemətov köhnə bazara təzə nırx qoyub.

Asif Nemətov hərbi komissarlıqda qiymətlərin qalxmasını inflyasiya ilə əlaqələndirir.