Bakıda məktəb şagirdin pula görə qovulmasına münasibət bildirib



Bakı şəhəri 153 saylı tam orta məktəbi şagirdlərdən birinin valideyninin şikayətinə münasibət bildirib.

Hakimiyyet.Az-ın sorğusuna cavab olaraq məktəbdən qeyd edilib ki, videonu yayan şəxs Hacıyev Səbuhi  Mübariz oğlunun övladı 153 nömrəli tam orta məktəbin V sinfinin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) birinci yarımil ərzində dərslərdə iştirak etməyib. 

“Məktəb rəhbərliyi tərəfindən şagirdin təhsilə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülsə də, müsbət nəticə əldə olunmadığından şagirdin biliyi birinci yarımil üzrə qiymətləndirilməyib. 2019-cu ilin fevral ayının əvvələrində Səbuhi Hacıyev övladını Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbində təhsil alması ilə bağlı  28 yanvar 2019-cu il  tarixli, 278 nömrəli  arayışı  məktəbə təqdim  edib. 

12 fevral 2019-cu il tarixdə şagirdin Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbinə yerdəyişməsinin rəsmiləşdirilməsi üçün atası Səbuhi Hacıyev məktəbə dəvət edilib, lakin o, fikrini dəyişdiyini və övladının 153 nömrəli tam orta məktəbdə təhsilinin davam etdirməsini istədiyini bildirib. Hazırda həmin şagird təhsilini 153 nömrəli tam orta məktəbdə davam etdirir”, – deyə məlumatda vurğulanır.

Xatırladaq ki, bundan əvvəl 153 saylı tam orta məktəbdə təhsil alan şagirdin valideyni məktəb direktorundan şikayət edib. Valideynin iddiasına görə, uşağı məktəbdən səbəbsiz çıxarılıb.

Şagirdin atası əlavə edib ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, şagirdin dərsdən qovulmasının əsl səbəbini valideynin məktəbə “fond pulu”, “mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.

Facebook səhifəmizi izləməyi unutmayın!