BDU-nun rektoru olmaq Ədalət Muradovun da könlündən keçirmiş

İqtisad Universitetində şəffaf rəhbərliyi şübhə doğuran rektorun “şəffaf BDU” yaratmaq istəyi nə dərəcədə real görünür?

Abel Məhərrəmovun ictimaiyyətə hələ də bəlli olmayan səbəblərdən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini tərk etməsindən sonra, bu yeri kimin tutacağı barədə də söz-söhbətlər səngimək bilmir. Hazırda kimin rektor təyin olunacağı sosial şəbəkələrdə və elektron media resurslarında ən çox müzakirə olunan mövzulardan biridir. Çoxillik tarixi keçmişə və ənənələrə malik olan universitetə kimin rektor təyin olunacağına dair müxtəlif namizədlərin adları çəkilir. Təbii ki,bunlar ancaq mülahizələr, kimlərinsə könlündən keçənlər, kimlərinsə xülyalarıdır.

Aktualinfo.org-a verilən məlumatlara görə bu xülyaya düşənlərin biri də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur. Məlumatlara görə yaxın adamları ilə BDU-nun rektorluğu ətrafında aparılan müzakirələrə qoşularkən Ədalət Muradov maraqlı, həm də gülməli olan bir nüansa toxunub: ”İstəyirlər BDU-nu da ADİU kimi yaxın gələcəkdə rüşvətsiz, şəffaflığı ilə sayılıb, seçilən bir universitet kimi görsünlər, ortada Ədalət Muradov nümunəsi var. Məni BDU-ya rektor təyin etsinlər, şəffaflığı təmin edim”- deyə, yanındakılara yarı ciddi, yarı zarafat söz atıb.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetitinin hazırkı rektoru Ədalət Muradovun təəccüb və şübhə doğuran doktorluq və professorluq dissertasiyası hələ də elm ictimaiyyəti tərəfindən müzakirə olunan mövzulardandır. Ə.Muradovun doktorluq və professorluq elmi dərəcələrinin Ali Attestasiya Komissiyası və hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına dair mətbuatda məlumatlar var. Digər tərəfdən də universitetdən qanunsuz olaraq işdən çıxarılan rus dili kafedrasının müəllimi Zərifə Mansurova, universitetin professoru, İqtisad Elmləri doktoru Mirələm Həsənli, ADİU-nun əməkdar müəllimi, professor Alıcan Abbasov və digər müəllimlər orada baş verən özbaşnalıq, rüşvət və korrupsiya faktlarına görə mətbuata, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə, hüquq-mühafizə orqanlarına teleqram vurur,məktub ünvanlayırlar.

Barəsində olunan şikayətlərə, haqqında mətbuatda yazılanlara baxmayaraq, Ədalət Muradov Bakı Dövlət Universitetinin rektoru olub, burada şəffaflıq yaratmaq istəyini dilə gətirirsə, görünür könlündən də keçirir. Amma İqtisad Universiteti ətrafında yaşanan özbaşınalıqları Ədalət Muradov şəffaflıq hesab edirsə, nə deməyə söz qalır, nə də əlavə şərhə ehtiyac.
Aktualinfo.org