“Onların hər biri öz sahələrinin peşəkarları kimi tanınır” – RƏY

Prezident İlham Əliyevin apardığı kadr islahatları hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, gücləndirilməsi istiqamətində atılan addımlar kimi qəbul olunur.

Bunu Hakimiyyet.Az-a açıqlamasında akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ölkə Prezidentinin son təyinatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr islahatları Azərbaycanın milli, dövlətçilik maraqlarına xidmət etməklə yanaşı, həm də ölkəmizin daha yüksək sürətlə inkişafı prosesinə öz töhfələrini verir:

“Cənab Prezidentin son kadr siyasəti, təyinatları hər kəs tərəfindən çox müsbət addımlar kimi dəyərləndirilir. Çünki son təyinatlarda yer almış insanların hər biri Azərbaycan cəmiyyətində nüfuzları, xidmətləri olanlardır, öz sahələrinin peşəkarları kimi tanınırlar. Hər birinin Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında, möhkəmləndirilməsində özünəməxsus xidmətləri var.

Ramil Usubov uzun illərdir ki, Azərbaycan daxili işlər orqanlarına uğurla rəhbərlik etmiş peşəkar kadrdır. Öz fəaliyyəti ilə həm Azərbaycan dövlətinə, həm də ölkə rəhbərliyinə sədaqəti ilə seçilən vəzifə sahiblərindəndir. Onun Təhlükəsizlik Şurası kimi mühüm bir quruma rəhbər – katib təyin edilməsi ona göstərilən növbəti böyük etimad olmaqla bərabər, həm də Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, kadr islahatlarının daha səmərəli şəkildə həyata keçirilməsi istiqamətində görülən işlərin davamıdır”.

Akademik bildirib ki, Vilayət Eyvazov isə öz işinin peşəkarı olan, daxili işlər orqanlarında böyük nüfuza malik, xidmətləri ilə tanınan bir insandır:

“Hesab edirəm ki, o, yeni vəzifəsində də uğurları, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətləri ilə seçiləcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilən Əli Nağıyev də Azərbaycanın layiqli kadrlarından, öz işinin peşəkarlarındandır. O, təhlükəsizlik orqanlarında ən sıravi işçidən ən yüksək mərtəbələrə qədər ucalmış, yol keçmiş bir kadrdır. Onun yenidən təhlükəsizlik orqanlarına qaytarılması, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi bu qurumun, bu sahənin daha da inkişafına və nəticə etibarilə ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə müsbət töhfələr verəcək.

Həmçinin, təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti ilə seçilən Mədət Quliyevin Müdafiə Sənayesi naziri vəzifəsinin öhdəsindən uğurla və bacarıqla gələcəyinə heç bir şübhəm yoxdur. O, əvvəlki vəzifəsini uğurla icra etdiyi kimi, yeni vəzifəsini də son dərəcə uğurla icra edəcək”.

İ.Həbibbəyli vurğulayıb ki, bütün hallarda son təyinatlar, kadr islahatları bütövlükdə Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqlarına tam cavab verir:

“Kimlərinsə bu islahatları, bu təyinatları başqa səmtə yönəltməyə çalışması, mənasız fikirlər söyləməsi heç bir halda Azərbaycan reallıqlarına uyğun gəlmir”.

Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Onu bu vəzifədə Vilayət Eyvazov əvəz edib.

Digər sərəncamlara əsasən, Mədət Quliyev Müdafiə Sənayesi naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Kamil Həmzəoğlu

Facebook səhifəmizi izləməyi unutmayın!