Milli dövlətçilik tarixinin şanlı səhifəsi - 28 May - TƏHLİL

 

 

Planetimizdə dörd minə yaxın xalq və 236 dövlət var. Bu dövlətlərin 193-ü BMT-nin tamhüquqlu üzvüdür. Başqa sözlə, indi dünyada az sayda xalqın müstəqil dövləti var. Bu siyahıda xalqımızın da olması bizim üçün böyük tarixi nailiyyətdir. Bu nailiyyətə görə 1918-ci il mayın 28-də müstəqil Azərbaycan dövlətini yaradan qurucu atalara böyük minnətdarlıq borcumuz var. 

102 il əvvəl baş verənlər bu gün sadəcə tarixi xronologiya kimi görünür və bir çoxunda həyəcan belə yaratmır. Hətta Azərbaycanın müstəqilliyinin “texniki bir məsələ” olduğunu deyənlər də var. Ancaq tarixin reallıqları və siyasətin amansız həqiqətləri başqa şeyləri diktə edir. Çoxmillətli Azərbaycan və onun beynəlmiləl paytaxtı Bakı Şimali Qafqazın digər müsəlman federal subyektlərinin taleyini yaşaya bilərdi. 100 il əvvəl böyük Azərbaycandan qoparılmış Şimali Azərbaycanda respublika qurmaq, onu Türkiyə və İran kimi böyük müsəlman ölkələrin qonşuluğunda müstəqil dövlət kimi dünyaya qəbul etdirən insanlar böyük əmək və fədakarlıq göstərib, siyasi-ideoloji düşüncə formalaşdıra biliblər. Bu yol isə elə də hamar olmamışdı. 

1917-ci il burjua inqilabından sonra Qafqazdan olan deputatlar artıq Peterburqa gedə bilmədilər. Daha sonra həmin deputatlar Zaqafqaziya Seymini yaratdılar. 1918-ci ilin aprelində Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradılır. Lakin daxildəki kəskin münaqişə nəticəsində bu qurum tezliklə dağılır. 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxaraq, bir gün sonra - mayın 26-da Gürcüstanın müstəqilliyini elan edirlər. 

Seymdə Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 azərbaycanlı deputat mayın 27-də ayrıca iclas keçirib, ölkəmizin müstəqilliyini elan etmək qərarına gəlir. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan edir. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti seçilir. Məmməd Əmin Rəsulzadə isə Milli Şuranın sədri seçilir. 

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirilir və burada Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olunur. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağını elan edir. Ardınca isə bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibi təsdiq edilir.

Tarixi bəyannamə Tiflisdə qəbul olunur. Yəni, hələ Azərbaycan ərazisində yeni milli dövlətin heç bir qurumu, orqanı yox idi. Yalnız 10 gündən sonra yeni dövlət Azərbaycanın ilk paytaxtı Gəncəyə köçür. 

Bu isə dövlətin sıfırdan qurulması demək idi. Üstəlik, həmin vaxt Azərbaycan ərazisi faktiki olaraq işğal altında idi, Qarabağ və Zəngəzur bölgələrində erməni iğtişaşları davam edirdi. Bakı isə dünyanın neft sənayesi mərkəzi olaraq Birinci Dünya Müharibəsinin gedişində bir çox böyük dövlətlərin hədəfində idi. 

Bu səbəbdən də ilk hədəf müəyyən olunmuş sərhədlər daxilində dövləti qurmaq, suverenliyini qorumaq, dünya ölkələri tərəfindən tanınmasına nail olmaq idi.

Bütün bunları etmək üçün sözün bütün mənalarında sıfırdan başlamaq lazım idi. Çünki Almaniya imperiyasının dəstəklədiyi, siyasi-hərbi baxımdan hazırlıqlı Gürcüstan və ya 20 ildən çox daşnak siyasi-hərbi gücünə malik Ermənistandan fərqli olaraq, Azərbaycanın yeni hakimiyyətinin əlində hərbi güc yox idi. Yalnız Gəncədə yarı gizli “Difai” Hərəkatı və Bakıda, əslində isə cənub regionunda ərköyün yerli əsilzadələrin övladlarından təşkil olunan “Dikaya Diviziya” adlı Rusiya ordusu qalıqları vardı. Yəni, dövlətin bütün orqanları ilə yanaşı, silahlı güc də sıfırdan yaradılacaqdı. 

Bu səbəbdən də yeni yaranan Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı dövlətindən hərbi dəstək istəyir. Məhz bu dəstək nəticəsində Azərbaycanın qərb rayonları, sentyabrın 15-də isə Bakı azad olunur. Sentyabrın 17-də Azərbaycanın yeni hakimiyyəti Bakıya köçür. Beləliklə, Bakı Azərbaycanın paytaxtı olur. 

1918-ci il oktyabrın 30-da Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olması ilə Azərbaycandakı Osmanlı ordusu hissələri ölkəni tərk edir və noyabrın 17-də Bakıya ingilis qüvvələri daxil olur. Ancaq buna baxmayaraq, AXC liderləri yeni dövləti qoruyub saxlaya bilir və dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı baş tutur.

Bəzi müəlliflərin iddialarının əksinə olaraq, Xalq Cümhuriyyəti mövcud olduğu qısa zaman ərzində çoxlu sayda işlər görüb, islahatlar həyata keçirib. Azərbaycanın Britaniya ordusunun ölkəyə daxil olmasından sonra belə müstəqilliyini qoruyub saxlaması, həmçinin, ölkənin dünya dövlətləri tərəfindən tanınmasını təmin etmək üçün ciddi diplomatik fəaliyyətlər həyata keçirdi.

Cümhuriyyət parlamenti 1918-ci il dekabrın 28-də Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyəti göndərdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək, Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Həmçinin, ölkə daxilində erməni-daşnak silahlılarına qarşı hərbi əməliyyatlar ordu quruculuğu ilə paralel şəkildə aparılırdı. Lakin qısa müddətdə Azərbaycanın һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılıb, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılıb. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universiteti təsis olunub, həmçinin, onlarla gənc təhsil almaq üçün Avropa ölkələrinə göndərilib. 

Azərbaycan Xalq Cümhuriyyəti parlamenti 270-dən çox qanun layihəsini müzakirəyə çıxarmış və onlardan 230-a yaxınını qəbul etmişdi. Bu, 23 ay mövcud olmuş və bu zaman ərzində işğala qarşı müharibə, ordu quruculuğu və digər işləri də paralel olaraq həyata keçirən hökumət üçün ciddi uğurdur. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdəki mövcudluğu ilə sübut etdi ki, xalqımız dövlət qurmaq və müstəqil yaşamağa qadirdir. Məhz bu səbəbdən də 1920-ci ildə və sonrakı dövrdə Azərbaycan SSRİ-nin tərkibində respublika kimi tanındı. 1991-ci ildə isə Azərbaycan müstəqilliyini yenidən bərpa edərkən 1918-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisliyini elan edib.

Əlbəttə, 1920-ci il sovet işğalı istənilən halda bir tarixi gerçəklik idi. Bu gerçəklikdən Rusiya İmperiyasının tərkibində olmuş xalqların böyük əksəriyyəti (Finlandiya xaric – red.) qaça bilmədi. Lakin 1918-20-ci illərin hadisələri sübut etdi ki, dövlətçilik ənənəsi olan Azərbaycan xalqı hətta ən ağır şərtlərdə belə ilk fürsətdə öz dövlətini qurmaq və onu möhkəmləndirmək iqtidarındadır.

1918-ci ildə Azərbaycanda ali təhsilli şəxslərin sayı 50 nəfərə çatmırdı. Üstəlik regional, siyasi, ideoloji səbəblərdən dövlət quruculuğu üçün vacib olan sahələrdə, o cümlədən orduda azərbaycanlıların sayı az idi. Bu isə dövlət quruculuğunda ən ciddi amillərdən biri idi. Lakin buna baxmayaraq, xalq qısa müddətdə öz potensialını ortaya qoyaraq bütün atributları, ordusu, diplomatiyası olan dövrün modern parlamentar respublikasına çevrildi.

AXC qurucuları praktik ağıla, güclü diplomatik qabiliyyətə malik demokrat şəxsiyyətlər idi. Bunu Azərbaycan parlamentinin rəngarəng etnik və siyasi tərkibi, fərqli din və məzhəblərə münasibəti də sübut edir. AXC qurucuları hələ o zaman Azərbaycanın müxtəlif etnik və dini-məzhəbli qruplardan təşkil olunduğu gerçəyindən çıxış edərək, bu fərqliliklər üzərində olan azərbaycançılıq fikrini irəli sürmüşdülər. Bu həm də M.Ə.Rəsulzadənin siyasi ideoloq kimi uzaqgörənliyi və qabiliyyəti idi. 

Yekun əvəzi: Bu il həm də Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin məşhur Gəncə üsyanının 100 ili tamam olur. 100 il əvvəl bu gün Gəncədə rus ordusuna qarşı müqavimət göstərən AXC ordusu və xalq şəhəri bir neçə gün əllərində saxlayıb, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun ikinci ilini ilk paytaxtı Gəncədə qeyd edib. Gəncə üsyanı həm də AXC ordusunun işğala qarşı müqavimətsiz təslim olması ilə bağlı iddiaları alt-üst edir. Bu xalq hələ 100 il əvvəl dövlət qurub, sonra da onun müdafiəsi üçün üsyan qaldıracaq gücdə olduğunu sübut edib. 

0.15134310722351