Azərbaycanın Naxçıvan üzərindən Türkiyəyə birbaşa çıxış əldə etməsi çox vacib idi - MÜSAHİBƏ

 

İşğal olunmuş ərazilərin geri qaytarılması və Qarabağdakı müharibənin bitməsi bölgənin iqtisadi inkişafına və investorların cəlb olunmasına səbəb olacaq.

Bu barədə Media.Az-a müsahibə verən gürcüstanlı iqtisadçı, Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şenqeliya belə düşünür.  

“İnvestorlar vəziyyəti ehtiyatla izlədilər. İndi müharibə bitdi, investisiya qoymağın əsl vaxtıdır. Əlbəttə ki, ümumiyyətlə dünyada vəziyyət çətindir, xüsusən də koronavirus pandemiyasını nəzərə alsaq. Ancaq Azərbaycan və Gürcüstana gəldikdə, gələn il iqtisadi vəziyyətin yaxşılaşacağını gözləyirəm. Gürcüstan və Azərbaycan üçün qazın Avropaya keçdiyi TANAP layihəsi böyük əhəmiyyət kəsb edir. 2023-cü ilə qədər böyük həcmdə tədarük gözlənilir və Avropa da bunda maraqlıdır. Əsas odur ki, artıq hərbi və siyasi ekstremal təzahürlər olmasın”, deyə o qeyd edib.

- Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı proqrama başlayır, investisiya axını gözlənilir. İran, Rusiya, Türkiyə, Malayziya və onlarla digər ölkə investisiya yatırmaq arzusundadır. Gürcüstan şirkətləri Azərbaycanın işğaldan azad edilən torpaqlarında işləməkdə maraqlı ola bilərmi?

- Əlbəttə, maraq var, bu yaxşı və doğru layihədir. Mən böyük şirkətlərin bərpa işlərində iştirak edəcəyini istisna etmirəm. Başqa bir sual Gürcüstan biznesinin imkanlarının nə qədər böyük olmasıdır, çünki pandemiya səbəbindən Gürcüstanda iqtisadi vəziyyət yaxşı deyil.

- Azərbaycan-Gürcüstan əməkdaşlığına və mal dövriyyəsinə birbaşa təsir edəcək vacib bir məqam var. Azərbaycandan Zəngəzur vasitəsi ilə Naxçıvana oradan isə Türkiyəyə gedən nəqliyyat dəhlizinin açılmasından sonra yüklərin bir hissəsinin bu marşrutla gedəcəyi barədə fikir var. Bəzi mütəxəssislərə görə, Gürcüstan bundan əziyyət çəkə bilər. Bu barədə nə düşünürsüz?

- Bəli, belə bir fikir var. Ancaq mənim nəzərimə görə, önümüzdəki illərdə Gürcüstan tərəfinin narahat olmasına gərək yoxdur. Bu layihənin tamamlanması üçün illərə ehtiyac var. Əlbəttə ki, Azərbaycan üçün Naxçıvan üzərindən İran sərhədləri boyunca Türkiyəyə birbaşa çıxış əldə etmək çox vacib idi. Bunu çox yaxşı başa düşürük, eləcə də Gürcüstan ərazisindən mal axınının azalması mümkündür. Lakin hələ vaxt var, Bakı və Tbilisi yeni əməkdaşlıq formaları tapacaqlar. Gürcüstan və Azərbaycan iqtisadiyyatlarını inkişaf etdirəcəklər. Ümid edirəm gələcəkdə tranzitdən bu qədər asılı olmayacağıq.

- Yeri gəlmişkən, əməkdaşlıq haqqında... Gürcüstan, hazırda mövcud olmayan beynəlxalq turizmdən də asılıdır. Karantin tədbirləri səbəbindən Azərbaycanda da turist sayı azalıb. Bəlkə turizm sektorunu birgə inkişaf etdirmək, Gürcüstan və Azərbaycanı ortaq bir turizm məkanına çevirmək məntiqli olardı?

- Bu yaxşı fikirdir, amma indi pandemiyanı nəzərə alaraq dediyinizi həyata keçirmək olduqca çətindir. Hələ yazda dedim ki, ən azı üç il kütləvi beynəlxalq turizmi unutmalıyıq. İndi beynəlxalq təşkilatlar Gürcüstanda və dünyanın digər ölkələrində turizm sektorunun hələ dörd il axsayacağını deyirlər, biz koronavirusun öncəki səviyyəsindən çox uzağıq.

- Enerji dəhlizlərinə qayıtsaq... İyul ayında Azərbaycan-Ermənistan sərhədinin, Tovuz rayonu ərazisində gərginlik yaşandı. O zaman erməni silahlı qüvvələrinin bu zonadan bir neçə kilometr məsafədə keçən boru kəmərlərinə zərbə endirəcəyinə dair ciddi narahatlıq var idi. Necə düşünürsüz, indi Vətən müharibəsi bitdikdən və Ermənistanın məğlubiyyətindən sonra daha belə bir təhlükə yoxdur?

- Düşünürəm ki, heç bir təhlükə yoxdur. Rus sülhməramlıları var, türklər də olacaq. Belə bir vəziyyətdə boru kəmərləri üçün risk minimaldır. Bundan əlavə, bu layihələr yalnız Azərbaycan və Gürcüstan üçün deyil, həm də Türkiyə və Avropa üçün vacibdir. Heç kim bu infrastruktura zərbə vurmağa cürət etməyəcək.

0.21489310264587