Ötən gün Respublika Diaqnostika Mərkəzi tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasında tam pulsuz müayinə kampaniyası həyata keçirilib. Bu kampaniya sayəsində 300-ə yaxın Quba sakini Respublika Diaqnostika Mərkəzinin təcrübəli həkimləri tərəfindən müayinə olunublar.
3 noyabr tarixində səhər saat 9-dan axşam saatlarına qədər davam edən kampaniya çərçivəsində müayinə olunan xeyli sayda insana müraciət etdiyi problemə əsasən ilkin diaqnoz qoyulub. Nevropatoloq, pediatr, cərrah, kardioloq, ginekoloq, qastroenteroloq, uroloq və ultrasəs müayinə xidmətlərindən yararlanmaq üçün Quba, Qusar, Xaçmaz və digər qonşu bölgələrdən yüzlərlə insan Quba Rayon Mərkəzi Xəstəxanasına üz tutublar.
Qeyd edək ki, bu kampaniyanı “RDM ilə sağlam yaşama vərdiş et!” şüarı ilə reallaşdıran Respublika Diaqnostika Mərkəzinin tibbi personalı istər Rusiyada, istərsə də Avropa və ABŞ-da əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin təcrübəyə malik bir heyətdən ibarətdir.
Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz olan Respublika Diaqnostika Mərkəzinin həkimləri öz ixtisasını zənginləşdirmək üçün xarici ölkələrdə təcrübə artırır və bunun sayəsində gördükləri işdə dünya təbabətinin ən son nailiyyətlərini tətbiq edirlər.
Respublika Diaqnostika Mərkəzi bu kampaniya ilə yetinməyəcəyini və bundan sonra tez-tez bu tip aksiyaları həyata keçirəcəyini açıqlayıb.