Canni De Byazi: “Neftçi”nin “Dinamo”nu keçəcəyinə ümid edirəm”

“Buraya çox yaxın, təqribən 200 metr aralıda yerləşən ərazidə qalıram. Yaxınlıqda keçirilən hər bir yoxlama matçlarını izləməyə çalışıram ki, yerli oyunçuların ümumi hazırlıq durumuna nəzarət edim”.

“Report” xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Neftçi TV”yə açıqlamasında “ağ-qaralar”ın Sloveniyakı təlim-məşq toplanışında yerli “Olimpiya” (Lyublyana) klubu ilə yoxlama matçı barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, çempion komandanın düşərgəsində olmaq, onun oyununa baxmaq böyük sevincdir. 65 yaşlı mütəxəssis paytaxt təmsilçisinin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə keçirəcəyi oyunlara da toxunub. De Byazi indidən proqnoz verməyin çətin olduğunu söyləyib:

“Dinamo”nun meydana hansı heyətlə çıxacağı bəlli deyil. Amma “Neftçi”nin əzmkarlıq göstərərək, II təsnifat mərhələsinə yüksələcəyinə ümid edirəm. Növbəti raundda isə daha güclü rəqib – “Olimpiakos” olacaq”.

Təcrübəli mütəxəssis “Neftçi”dən milliyə az sayda futbolçu çağırmasına da aydınlıq gətirib: “Bu, komandanın özündən də asılıdır. Oyunlarda nə qədər çox yerli futbolçu iştirak etsə, mənim üçün onları yığmaya dəvət etmək daha rahat olar”.

Qeyd edək ki, "Neftçi" "Olimpiya" ilə 1:1 hesablı heç-heçə edib.

0.67057299613953