Avstraliya gələn ilin sonuna qədər sərhədləri açmayacaq

Avstraliya sərhədləri koronavirusun yayılması səbəbindən 2022-ci ilin dekabrına qədər bağlı qalacaq.

Bu barədə ölkənin baş naziri Skott Morrison 2GB radiosuna müsahibəsində deyib.

“G7” zirvəsi üçün getdiyi Böyük Britaniya səfərindən sonra karantində qalan baş nazir bildirib ki, 2022-ci il dekabrın sonuna qədər beynəlxalq səyahətlərin bərpa edilməsi barədə danışmaq hələ tezdir:

“Ümid edirəm ki, 2022-ci il Milada qədər bunu edə biləcəyik. Digər ölkələrdə olduğu kimi epidemiyanın baş verməməsinə diqqət yetirməliyik. Nə baş verdiyini izləyəcəyik və mütəxəssislərimizdən məsləhət gözləyəcəyik”.

Avstraliya səlahiyyətliləri pandemiya ilə əlaqədar olaraq dövlətin sərhədlərini 24 mart 2020-də bağlayıblar. Hazırda Avstraliyaya giriş bütün əcnəbilər üçün tamamilə qadağandır. Ölkənin vətəndaşları və daimi sakinləri xaricdən evlərinə qayıda bilər.

Avstraliya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, pandemiya başlayandan ölkədə 30 335 yoluxma qeydə alınıb. Onlardan 29 293-ü sağalıb, 910 nəfər ölüb. 22 fevraldan başlayan ümummilli vaksinasiya çərçivəsində 6,5 milyon nəfərə peyvənd vurulub.

0.25633597373962