Kiçik Qafqazın səmərəsi böyük qızıl yatağı: Daşkəsənin “Ağyoxuş”undan REPORTAJ + FOTO

Hər daşı, hər kəsəyi dəyərli olan Daşkəsənin növbəti yataqlarından birindəyik. “Ağyoxuş” qızıl yatağı “Çovdar” yatağından hava məsafəsində cəmi 5 kilometr şimal-şərqdə yerləşir. Yataq 3 ildən bir qədər çoxdur ki, “AzerGold”un geoloq komandası tərəfindən kəşf edilib. “Ağyoxuş” Cəmiyyətin aşkarladığı ilk yataq kimi də xüsusi əhəmiyyətə malikdir.

Sahəyə yola düşərkən Kiçik Qafqazın sıra dağları ilə bir qədər də yüksəkliyə qalxırıq. Burada mənzərə sözlərlə ifadə edilməyəcək dərəcədə gözəldir. “Ağyoxuş” nisbətən kiçik yataqdır. Lakin, Kiçik Qafqazın bu kiçik yatağının səmərəsi böyükdür. Bu yataq əsaslı əlavə xərc sərf edilmədən istismar edilir.

Yatağın fəaliyyəti ilə tanış olarkən biz də digər əməkdaşlar kimi partlayış prosesini uzaqdan izləyirik və “Çovdar” mədənində olduğu kimi burada da yüksək təhlükəsizlik tədbirlərinə ciddi riayət edilir. Belə aydın olur ki, nizam-intizam hər bir mədən üçün vacib şərtdir.

Burada partlayış nəticəsində əldə olunan filizlər yük avtomobillərinə yüklənir və daşınan filizin miqdarı xüsusi tərəzidə çəkilir. Onlar müəyyən olunmuş sürət həddində dolanbac yollarla hərəkət edirlər. Yol boyu bir-birinin ardınca, nizamla gedən yük maşınlarını görürük. 

Filizlər xırdalanma, ələnmə, aşındırma, metalların aktivləşdirilmiş kömürlə tutulmaq və elektroliz emal mərhələlərindən keçmək üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə daşınır. Filizlərin emal prosesi məhz bu sahədə baş tutduğundan “Ağyoxuş” əsaslı kapital vəsaiti qoyulmadan, yeni və böyük xərc tələb edən emal zavodu və müvafiq infrastruktur qurulmadan istismar edilir.

“AzerGold”un ictimaiyyətlə əlaqələr üzrə təmsilçisi Ariz Tarverdiyev məlumat verir ki, hazırda sahə üzrə istismar işləri yalnız “Ağyoxuş 1”də həyata keçirilir. Onun istismarı cari ilin sonunadək davam edəcək. Növbəti mərhələdə isə yaxınlıqda olan “Ağyoxuş 2” yatağının da istismarına start veriləcək. Yataq üzrə geoloji kəşfiyyat işləri artıq yekunlaşıb və hazırda ehtiyatların artırılması və təsdiqlənməi istiqamətində işlər davam etdirilir.

“AzerGold” tərəfindən digər yataqlarda da istismara hazırlıq işləri gedir. Emal sahəsinin meneceri Emil Quliyev hakimiyyet.az-a “Tülallar” yatağında istismar öncəsi işlərlə bağlı məlumat verir:

“Hazırda istismar üçün tələb olunan hazırlıq prosesi gedir. Yatağın ilkin ehtiyatlarını hesablanıb, dəyərləndirmə və optimizasiya işləri yekunlaşmaq üzrədir”.

Ötən həftə “Ağyoxuş” yatağının qonşuluğunda yerləşən “Mərəh” yatağı üzrə istismar işlərinə başlanıldı. 22 iyul tarixində Prezident İlham Əliyev Daşkəsən rayonuna səfəri çərçivəsində Cəmiyyətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə əyani tanış oldu, eləcə də  “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədi. 2018-ci ildə kəşf edilən “Mərəh” qızıl yatağı “AzerGold”un istismarına başladığı üçüncü qızıl mədənidir. Hasilat işlərinin icra müddəti iki ildir. “Mərəh” toponiminin mənası - “sevinc”, “uğur” deməkdir.

“Mərəh”də olduğu kimi “Tülallar” yatağının da istismarından əldə ediləcək filizlər “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində emal edilməsi nəzərdə tutulub. Bir sözlə, “Çovdar” önümüzdəki illərdə filiz emalı üzrə regional mərkəzə çevriləcək.

Mütəmadi kəşfiyyat işlərinin aparılması dövlət şirkətinin davamlı inkişafı ləngitməmək prinsipindən qaynaqlanır. Cari ildən etibarən 2030-cu ilədək “AzerGold” tərəfindən bu regionda “Tülallar” (qızıl, gümüş), “Çovdar” yatağının sulfid mərhələsi (qızıl, gümüş), “Ağyoxuş 2” (qızıl), “Daşkəsən” dəmir filizi yataqları, ölkəmizin digər bölgələrində isə “Filizçay” (sink, mis, qurğuşun, gümüş), “Ortakənd” (mis); “Mazımçay” (mis), “Göydağ” (mis) yataqlarının istismara verilməsi planlaşdırılır.

Nigar Məmmədova

FOTO: Firudin Səlimov

0.67228507995605