Qanunsuz balıq ovuyla məşğul olan şəxslərin işi məhkəməyə göndərildi - FOTO

Cari ilin iyun ayının 15-də Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğlu və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında Xızı rayonunun Giləzi qəsəbəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu etmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Müəyyən edilib ki, Elmar Babayev Xəzər dənizində qanunsuz nərə balığı ovu etmək məqsədilə tanışları Bəhruz Mirzəyev, Qismət Mürşüdov, Raqib Əhmədov və Xəyal Bəxtiyarov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onları təlimatlandırmaqla ov üçün lazım olan bütün avadanlıqlarla təmin edib. 15.06.2021-ci il tarixdə Bəhruz Mirzəyev, Raqib Əhmədov və Xəyal Bəxtiyarov Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini DSX-nın Sahil Mühafizəsindən müvafiq icazə almadan “Bayda” tipli nəqliyyat vasitəsilə 392 km məsafə qət edib mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçiblər. Onlar Xəzər dənizinin Qazaxıstan Respublikası və Rusiya Federasiyası istiqamətində 15.06.2021-ci il tarixdən 19.06.2021-ci il tarixədək geri dönmədən açıq dənizdə qalaraq qanunsuz olaraq ümumilikdə 620 kq çəkidə, 106 ədəd nərə cinsli balıqları qanunsuz tutublar. Elmar Babayevlə Qismət Mürşüdov isə Xəzər dənizinin Xızı rayonu Giləzi kəndi ərazisindəki sahildə gözləməklə, 19.06.2021-ci il tarixdə onları sahildə qarşılayıb qanunsuz ovlanan balıqları boşaldıblar.

Toplanmış sübutlarla, Elmar Babayev Cinayət Məcəlləsinin 256.3 (qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən alıq və digər su bioresurslarını qanunsuz tutma) və 32.3  318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməni təşkil etmə), Bəhruz Mirzəyev, Xəyal Bəxtiyarov və Raqib Əhmədov isə CM-nin 256.3 və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.

0.68681597709656