Azərbaycanlı ABŞ-da qaydasız döyüş turnirinin qalibi oldu - FOTO

ABŞ-da yaşayan qarışıq döyüş ustası Hüseyn Əliyev 5 sentyabr 2021-ci il tarixində Hyuston şəhərində keçirilən “Cage Fury FC 50” turnirində qələbə qazanıb.

hakimiyyet.az xəbər verir ki, “Bayou City Event Center”in arenasında təşkil edilən turnirdə Hüseyn Əliyev 27 yaşlı ABŞ idmançısı, 65 kiloqram çəki kateqoriyasında çıxış edən Kemeron Qreyvislə qarşılaşıb və rəqibinə qalib gəlib.

Yarış zamanı Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov və icma üzvləri həmvətənimizi dəstəkləyiblər.

Qələbədən sonra soydaşımızla görüşən Samir Novruzov idman sahəsində əldə etdiyi nailiyyətlərinə və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının və Amerika Azərbaycan İnteqrasiya Mərkəzi adından Hüseyn Əliyevə diplom təqdim edib.

Qeyd edək ki, Hüseyn Əliyev 1990-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub.

MMA üzrə 3 qat dünya çempionu olan, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Əliyev peşəkar döyüşdə aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 4 məğlubiyyət yazdırıb.

Həmvətənimiz daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün bir neçə il öncə ABŞ-a köçüb.

0.77909708023071