Gənclər təşkilatlarının nümayəndələri Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər – FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu və ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 103-cü ildönümü ilə əlaqədar Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

Gənclərin İnkişafı və Karyera Mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” İctimai Birliyi, “İrəli” İctimai Birliyi, Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyi və digər gənclər təşkilatlarının nümayəndələri 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunması uğrunda azərbaycanlı əsgərlərlə çiyin-çiyinə vuruşub şəhid olmuş 1130 Osmanlı-türk əsgərinin xatirəsini dərin ehtiramla yad edib, onların xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi önünə əklil qoyublar.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, dahi Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlmələrinin Azərbaycan-Türkiyə qardaşlığının sözlə ən gözəl təsviri olduğunu qeyd edən gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda canlarından keçən şəhidlərimizi də yad etmiş, bir əsr əvvəl olduğu kimi, müasir tariximizin bu vacib dönəmində Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyi hər zaman xatırlayacaqlarını vurğulamışlar. 

Prezident İlham Əliyevin “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” fikrinin gənclərdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edən tədbir iştirakçıları, Azərbaycanın bundan sonra daha da inkişaf etməsi, qüdrətlənməsi və gələcək zəfərlərimiz naminə ölkə başçısının ətrafında daha sıx birləşəcəklərini bildirmişlər.

 

0.2773220539093