Polis formasında gəzib dələduzluq edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü hüquq-mühafizə orqanı əməkdaşı ( polis ) kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Pərviz Bəbirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Bəbirov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Pərviz Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.3.2-ci (dələduzluq - külli miqdarda törədilməklə) maddəsi ilə təqsirli bilinib.

0.63007402420044