Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü başa çatdı - YENİLƏNİB + VİDEO

Türkiyə və Ermənistan nümayəndələrinin Moskvada baş tutan görüşü müsbət və konstruktiv atmosferdə keçib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

“Xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. 

Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar. 

Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək”, - deyə məlumatda qeyd edilib.

Ermənistan Xarici İşlər Nazirliyi də görüşlə bağlı oxşar bəyanat yayıb.

15:46

Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.

Türkiyənin NTV televiziyası xəbər verir ki, danışıqlar 1,5 saat davam edib.

Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması müzakirə olunub.

12:20

Türkiyə və Ermənistanın nümayəndə heyətləri Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində bir araya gəliblər.

Belə ki, Rusiya XİN-in Qəbullar Evində Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.

Görüşdə Türkiyəni bu ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç, Ermənistanı isə parlamentinin sədr müavini Ruben Rubinyan təmsil edir.

Mənbə: RİA Novosti

0.31391286849976