Xumar Qədimova: “Rivaldonun çirkinliyi də ona xarizma qatırdı” - MÜSAHİBƏ + FOTO

Müğənni Xumar Qədimovanın sosial şəbəkə hesablarını izləyənlər əməkdar artistin futbola olan sevgisindən xəbərdardır.

Xumar xanım Fanat.az-a müsahibəsində Yoahim Löv və Braziliya millisi  ilə yanaşı, Qazaxın “Göyəzən” komandasından da söhbət açdı.

- Bu günə kimi bir sıra müsahibələrinizdə futbol haqda danışmısınız. Bu idman növünə marağınız necə yaranıb?

- Futbol eşqi bizim ailəyə mənim atamdan keçib. O, futbolu çox gözəl analiz edirdi və bu sahədə böyük anlayışı var idi. Rəhmətlik Sabir Ələsgərovun (2020-ci ildə dünyasını dəyişən mərhum diktoru, xalq artistini nəzərdə tutur - red.) verilişində də futbolla bağlı çıxışı olub. Həmin buraxılışda atam futbolu detallı şəkildə müzakirə edirdi. Bundan əlavə o, həm də gözəl oyunçu olub. Əminəm ki, atamın gənclik vaxtı indiyə təsadüf etsəydi o, Azərbaycan futbolunu ucaldanlardan olardı. Dediyim odur ki, bu bizə genetik olaraq keçib. Bundan əlavə, ailəmizdəki uşaqlar da futbola böyük maraq göstərir və onu mükəmməl bilirlər. Hazırda özüm də bu idmana maraq göstərirəm. Futbol analitikləri və ya mütəxəssisləri qədər bilməsəm də, bu sahəyə yaxın adamam. 

- Azarkeşlik etdiyiniz klub və milli hansıdır?

- Maraqlı sualdır. Milli olaraq Braziliya mənim üçün ən yüksək zirvədədir. Top adı gələndə, söhbət futboldan düşəndə mənim gözümün qarşısında Braziliya millisi dayanır. Onları çox sevirəm. Müsahibələrimdən birində qeyd etmişdim, yenə də demək istərdim ki, Braziliya millisi bizim yığma komanda ilə qarşılaşsa belə, braziliyalıların qalib olmasını istərdim. Çunki mən qəhrəmanın qalib olmasını sevirəm. Klub olaraq Zidanın, Raulun, Fiqunun, braziliyalı Ronaldonun dönəmindəki “Real Madrid”i sevmişəm. 

- Ən xarizmatik hesab etdiyiniz baş məşqçi və ya futbolçu kimdir?

- Baş məşqçi kimi hamıya bəllidir ki, mən Yoahim Lövü sevirəm. Onun soyuqqanlılığını, peşəkarlığını ... Aman Allah ... Löv, Löv, Löv ... Heyıf ki, getdi. Onun yenidən fəaliyyət göstərməsini çox istərdim. Yadımdan çıxmamış bir məşqçini də qeyd etmək istəyirəm - Quardiola. Oğlum onun pərəstişkarıdır. Mən də onu sevməyə başlamışdım. Quardiolanın da futbol fəlsəfəsini, onun məktəbini, xarizmasını çox bəyənirəm. Amma Löv mənim üçün ilk sıradadır. Futbolçuya gəlincə, bu, Ronaldinyodur. Onu niyə sevirəm? Ronaldinyonun topla rəftarı inanılmaz idi. Sanki rəqs edirdi... Onun oyunundan doğan xarizmasını sevirəm. Futboçulara xarici görünüşünə görə deyil, onların peşəkarlığına görə qiymət verirəm. Məsələn, Rivaldonun xarici görünüşü elə də gözəgəlimli deyildi, amma mənim üçün onun çirkinliyi də ona xarizma qatırdı. Oliver Kanı da qeyd edərdim. Necə gözəl qapıçı idi... Ştefan Effenberqi də bu siyahıya əlavə edərdim. Son zamanlar futboldan nisbətən soyumuşam. Bu da təsadüfi deyil. 2014-cü ildə Dünya Çempionatının yarımfinalında Braziliya millisi almanlara 1:7 hesabı ilə uduzmuşdu. Bu oyundan sonra futboldan müəyyən qədər soyudum. Həmin məğlubiyyət mənə o qədər təsir etmişdi ki. 

Qarşıdan DÇ gəlir və Xumar yenə də ağlayacaq! Bəli, məndə bu da var. Mən Peter Şmeyxeli yaxşı xatırlayıram. Onun oğlu Kasperi də tanıyıram. Avropa çempionatının yarımfinalında Kasper Şmeyxelin komandasısın İngiltərəyə məğlub olmasını unuda bilmirəm. Nə qədər ağladım, aman Allah ...  

- Ölkə futbolu nümayəndələrindən tanışlıq, dostluq əlaqəniz olan kimsə varmı?

- Yerli futbolçularımızdan heç biri ilə yaxın münasibətim və ya ünsiyyətim yoxdur. Çox arzulayardım ki, onların hər biri lazım olan zirvəyə gəlib çatsınlar. Bu da məncə, düzgün futbol idarəçiliyindən asılıdır. Ölkə futbolunun çiçəklənməsi və uğurlar qazanması mənim böyük arzumdur. Bir epizodu xatırladım, 2002-ci il dünya çempionatı zamanı oyunu buraxmamaq üçün öz işimdən imtina etmişdim. Mənim istəyim odur ki, Azərbaycan millisi o qədər uğurlu çıxış etsin ki, mən də gəlirimdən imtina edərək onların oyunlarını izləməyə gedim. 

- Əslən Qazax rayonundansınız. Son illərdə olmasa da, vaxtilə Qazax rayonunun "Göyəzən" klubu ölkə çempionatında çıxış edib. Doğma rayonunuzun komandası haqqında məlumatınız olub, heç matçlarını izləmisinizmi?

- Qazax maşallah, futbola olan sevgisi ilə tanınır. Yenə qeyd edim, mənim atam da futbola xüsusi sevgi ilə yanaşırdı. "Göyəzən"lə bağlı bir məqama toxunum. Səhv etmirəmsə, 90-cı illər idi, “Göyəzən” “Neftçi”yə necə qalib gəlmişdi ... (gülür). Bu yaxınlarda “Göyəzən”in stadionu ətrafından keçirdim. Oradakı acınacaqlı vəziyyətə, baxımsızlığa, sahibsizliyə çox üzüldüm, inanın. İndi danışıram və birtəhər oluram. Gözümün qarşısına gəlir... Kövrəldim...  Onların yüksək liqaya geri dönməsini çox istərdim. Sevinərdim buna. 

0.26534795761108