Nahidə Babaşlıya həmkarlarından SƏRT REAKSİYA: “Elə düşünən insan ölkədən köçməlidir” - FOTO

Xəbər verdiyimiz kimi, “cover” ifaları ilə tanınan azərbaycanlı gənc ifaçı Nahidə Babaşlı itini avtomobil qəzasında itirdikdən sonra .

Bir də Azərbaycana qayıtmayacağını vurğulayan Nahidənin sosial media hesabında paylaşdığı “Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də, başınıza çırpın” ifadəsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Nahidənin ünvanına “tısbağa qınından çıxdı, qınını bəyənmədi”, “gedəndə elə get ki, qayıtmağa üzün olsun”, “millətin sayəsində dinlənilib çıxdın ortaya, bu sözlərinlə də düşdün camaatın gözündən”, “Bu millətin sayəsində “YouTube”da videoların milyonlarla baxış yığdı, indi bizim milləti bəyənmirsən?” kimi şərhlər yazılıb.

Elə şou-biznes əhli də bu məsələyə səssiz qalmayıb.

Mövzu ilə bağlı hakimiyyet.az-a açıqlama verən prodüser, ifaçı Mədinə Məlik Nahidəni müəyyən mənada anladığını deyib:

“Mənim də itim var idi, çox sevirdim onu. Onu da sürücü maşınla vurub, qaçmışdı. Bu cəhətdən Nahidəni anlayıram. Ancaq o demək deyil ki, o olsun, ya başqası olsun, belə bir ifadə işlədə bilər. Mən ümid edirəm ki, o bunu əsəbdən, stresdən deyib. “Başınıza çırpın” ifadəsi böyük bir səhvdir. İnsan bəzən emosiyalara qapanıb nələrsə deyir. Mən bilirəm ki, o, peşman olacaq bu sözünə görə. Sən Azərbaycanda böyüyüb, boya-başa çatıb, yaşamısan. Necə demək olar xalqa ki, “başınıza çırpın?”, çox təəssüf edirəm”.

Məsələ ilə bağlı müğənni Əkbər Əliyev isə açıqlamasında: “Məncə, düz etdi, ölkədən çıxdı, düz addımdır. Bu cür düşünən insan, məncə, ölkədən ümumiyyətlə köçməlidir. Xanımı tanımırdım. “Altın Kelebek” qazandı, “Oskar” qazandı - bunun ümumiyyətlə aidiyyəti yoxdur. Mən bir sənətçi kimi birinci dəfə eşidirəm bu xanım barəsində, bu dəfə də itin sayəsində özünü “tanıtdırdı”. Nə deyim, mən ümumiyyətlə çox zaman insanlara təəccüblənmirəm. Yolu açıq olsun o xanımın. Cavandır, indi hamı stres içindədir. Ümidvaram, nə vaxtsa bu sözlərinə görə peşman olacaq”, - deyə bildirib.

Nahidə haqqında verdiyimiz suala müğənni Roza Zərgərli: “Ümümiyyətlə, belə fikir səsləndirənlər haqda heç bir fikir bildirmirəm - “no comment”, - deyə cavab verib.

Rəvan Qarayev isə həmkarlarından fərqli olaraq Nahidəni tanıdığını, çox tərbiyəli, sakit qız olduğunu deyib:

“Mən düşünürəm ki, emosiyalara qapılaraq deyib, düz söz deyil, düzgün etməyib. Amma bir məsələ var, ola bilər ki, onu konkret insanlara ünvanlayıb. İtini maşın vurub və bu barədə paylaşım edib, itin şəklini paylaşıb. Paylaşandan sonra ola bilər ki, konkret insanlar paylaşımın altına nəsə yazıblar. Bir insan bir canlıya bağlananda, fərq etmir, it olsun, pişik olsun, tutuquşu olsun, onu itirəndə çox böyük əziyyətlər çəkir. Düşünürəm ki, o, konkret beş-altı nəfəri nəzərdə tutub, hansı ki ona şərhlərdə yaxşı bir söz yazmayıblar”.

Nadir Qafarzadə isə ümumiyyətlə Nahidə Babaşlını tanımadığını açıqlayıb:

“Mən onu tanımıram, tanımadığım insan haqqında fikir də bildirə bilmərəm. Gündə bir müğənni çıxır, artıq biz çatdırmırıq onları tanımağa”.

“Cahan” qrupunun üzvü Cahid Əlibəyov mövzu ilə bağlı açıqlamasında: “Çox üzüldüm bu fikirlərə, çox heyif. Gərək belə etməzdi, heç düzgün deyildi o addımı atmaq. Ola bilər ki, nəsə xətrimizə dəyə bilər. Yenə də bizim Azərbaycan haqqında, Bakı haqqında pis fikir bildirməyimiz çox yanlış addım olar. Evdə valideynlərin səni böyüdür, sevgi verir, əzizləyir, oxudurlar. Bir dəfə sənə əsəbiləşəndə pis valideyn olurlar? Eyni söhbətdir. Əgər Azərbaycanda böyüyüb, Azərbaycanın çörəyini yeyib, suyunu içmişiksə, belə bir ifadə səsləndirmək düzgün deyildi”, - deyə qeyd edib.

Aytac Qasımlı

0.23873209953308