Rəşad Sadıqov: “Bizi iki finala bərabər görüş gözləyir” - MÜSAHİBƏ

“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqovun hakimiyyet.az saytına müsahibəsi.

– Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə futbolçularının mini-futbol oyununu izlədiniz. Bəyəndiyiniz futbolçu oldumu?

– Maraqlı tədbir keçdi. Məni dəvət edən Akademiyanın İdman işləri üzrə prorektoru Fərid Mansurova bu təşəbbüsə görə təşəkkür edirəm. İçlərində bəyəndiklərim oldu. Həmin futbolçular hazırda aşağı yaş qruplarından ibarət komandalarda çıxış edirlər. Onlarla söhbətim oldu, tövsiyələrimi verdim.

– Bu ay artıq cari mövsüm başa çatır. 2021/22 mövsümündən razı qaldınızmı?

– Ümumən ağır mövsüm oldu. Amma bir həftə ərzində bizi iki finala bərabər görüş gözləyir. Bütün diqqətimiz hazırda mayın 21-də keçiriləcək “Şamaxı” ilə oyunadır. Çünki bürünc medalları qazanmaq üçün bu matçda qalib gəlmək lazımdır. Daha sonra bizi mayın 27-də “Qarabağ”la Azərbaycan Kubokunun final matçı gözləyir. Mövsüm başa çatdıqdan sonra onu qiymətləndirmək daha doğru olar.

– Final matçına Elçin Məsiyev baş hakim təyin olunub. Mövsüm gedişatında bu hakimdən narazılıq etmişdiniz...

– Məhz Elçin Məsiyevdən şikayətlənməmişəm. Hər hansısa hakimlə bağlı həm narazılığımız, həm də xoş fikirlərimiz olub. Bu, futboldur, emosional idman növüdür. Düşünürəm ki, təcrübəli hakimdir. Ötən mövsüm də vacib oyunlar idarə edib. Ümid edirəm ki, həmin matçdan sonra biz hakimlik haqda yox, gözəl və baxımlı oyun haqqında danışacağıq.

– Sizin fikriniz soruşulsaydı, hansı hakimin finalı idarə etməsini istəyərdiniz?

– Fərqi yoxdur. Bunu sizə səmimi söyləyirəm. Məndən soruşulsa, deyərdim ki, kim bu oyunun yükünü qaldıra bilərsə, o olsun.

– Azərbaycan çempionatının 11 qolla beş bombardirindən biri olan gürcü hücumçunuz Davit Volkovinin “Zirə”dən ayrılacağı deyilir...

– Aramızda bu barədə heç bir söhbət olmayıb. Bizə onunla bağlı heç bir klubdan təklif gəlməyib. Zatən buna ehtiyac da yoxdur. Çünki onun müqaviləsi bizim klubla mövsümün sonunda başa çatır. Mövsüm bitsin, onunla oturub danışacağıq. Hazırda onunla danışıq aparıb psixoloji cəhətdən Daviti yükləmək istəmirəm. İstəyirəm ki, bütün fikri “Şamaxı” və “Qarabağ”la matçlarda olsun. Ondan sonra müqavilə barədə danışarıq. Müqavilə məsələsini danışmaq asan işdir.

– Artıq Azərbaycanı növbəti mövsüm Avropa Konfrans Liqasında təmsil etməyiniz dəqiqləşib. Klub rəhbərliyinin növbəti mövsüm büdcəni artırması nəzərdə tutulurmu?

– Qəti bu barədə müzakirə aparmamışıq. Mövsüm bitdikdən sonra bu barədə danışarıq.

– “Zirə”nin futbolçusu Cəlal Hüseynovun ötən il Portuqaliyanın “Benfika” klubuna keçidi məsələsi vardı. O məsələ niyə yarımçıq qaldı?

– Pandemiya vaxtı o, Lissabona baxışa çağırılmışdı. Hətta viza açılıb, bilet də alınmışdı. Mən də 15 günlük onun toplanışa getməsinə icazə vermişdim. Lakin pandemiyaya görə Portuqaliyada sərhədlər bağlandı, gedə bilmədi. Daha sonra ona təklif olmadı. Amma demişdilər ki, onu nəzarətdə saxlayacaqlar.

Səbuhi Musa

0.37282490730286