Aİ: Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər həyata keçirilməlidir

“Avropa İttifaqı həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“İnsan hüquqları və təhlükəsizlik məsələsi münaqişənin başlanmasından bu günə kimi konfliktin əsas məsələlərindən biri olub. Biz təhlükəsizlik məsələsini həll etmədən münaqişənin hərtərəfli və davamlı həllinə nail ola bilmərik”, - Aİ rəsmisi vurğulayıb.

O, qeyd edib ki, dövlətlərarası münasibətlər olduqca vacibdir və bunu tənzimləmək lazımdır: “Biz çox yaxşı bilirik ki, millətlərarası kontekstdə hüquqlar və təhlükəsizlik münaqişənin başlanmasında əsas məsələlərdən biri olub. Bu problemi həll etmədən hərtərəfli və davamlı həllə nail ola bilməyəcəyik”.

Toivo Klaar bildirib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında uzunmüddətli həlli təmin edən istənilən sazişi dəstəkləyəcək.

“Sülh prosesləri adətən qorxular, emosiyalar, fərziyyələr və yanlış şərhlərlə müşayiət olunur. Bu, təbiidir”, - o əlavə edib.

“Gərginliyi azaltmaq, ritorikanı zəiflətmək lazımdır”, - Aİ rəsmisi vurğulayıb.

Klaarın sözlərinə görə, heç kim Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına şübhə etmir: “Aİ həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır. 2020 və 2021-ci illərdə Moskva ilə əldə olunan üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir.

Avropa İttifaqı öz növbəsində qonşuluğunda sülh, sabitlik və firavanlıqda maraqlıdır. Ona görə də bu prosesdə iştirakımızı vacib hesab edirik.

Bununla belə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək vermək səylərimiz yalnız Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinə yönəlib və biz eyni məqsəd güdən istənilən digər iştirakçı ilə əməkdaşlıqdan məmnunuq”.

0.30023193359375