Bahalıq olsa da, boş hotel tapmaq çətindir - Azərbaycanda, yoxsa xaricdə dincələk?

Hər il yay fəsli - turizm mövsümü gələndə ölkə vətəndaşları istirahətlə bağlı seçim etməli olurlar:

Azərbaycanda, yoxsa xaricdə dincələk?

Təbii ki, həm ölkə daxilində, həm də ölkə xaricində gəzməli-görməli yerlər çoxdur. Bununla belə, əksər insanlar üçün yerlər arasında seçim etmək maddi imkanlara bağlıdır. Yəni az büdcə ilə istirahət etmək istəyənlər Azərbaycanda, çox büdcə ilə istirahət etmək istəyənlər isə Azərbaycandan kənarda dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, bəzən ölkə daxilindəki hotellərin qiymətləri ölkə xaricindəki hotellərin qiymətlərini üstələyir. Sadəcə, aviabiletlərə çəkilən xərc hesabına xarici turizm daxili turizmdən baha başa gəlir.

“Report” mövzunu turizm sahəsi üzrə mütəxəssislərlə müzakirə edib.

Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev deyir ki, adətən, azərbaycanlılar yayda Türkiyənin Antalya bölgəsində istirahət etməyə çalışırlar və Azərbaycanla kəskin qiymət fərqi ilk növbəti buradan yaranır:

“Antalyada qiymətlər, aviabilet nəzərə alınmadan belə, olduqca yüksəkdir. Hətta müharibə şəraitində olan Rusiya və Ukraynadan da Antalyaya dincəlməyə gedənlər çoxdur. Amma mən Türkiyəyə istirahətə getmək istəyən şəxslərə Antalya kimi çimərliyi olan yerlərə deyil, İstanbul kimi mərkəz şəhərlərə getməyi məsləhət görərdim. Doğrudur, oradakı hotellərdə yalnız səhər yeməyi verilir. Amma onsuz da oraya istirahətə gedən şəxsin məqsədi hoteldə qalmaq yox, gəzmək olur. Antalya kimi istirahət mərkəzlərinə qış aylarında, 30-50%-ə qədər endirim tətbiq olunan vaxtlarda göndəriş almağı məsləhət görürəm”.

Ə.Şiriyev yerli hotellərdə də qiymətlərin yüksək olduğunu təsdiqləsə də, əlavə edir ki, bahalıq olsa da, turistik məkanların heç birində boş hotelə rast gəlmək mümkün deyil.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə hesab edir ki, dörd-beş ulduzlu, xüsusilə şəbəkə hotellərində dincəmək istəyənlər üçün ölkənin heç bir əhəmiyyəti yoxdur. Çünki həmin hotellərin qiymətləri ölkələr üzrə bir o qədər də fərqlənmir.

“Digər hotellər isə turizm bazarında yaranan tələblər əsasında təkliflərini edirlər. Yerləşmə vasitələrində qiymətlərin baha olması haqqında çoxlu sayda fikirlər söyləyirlər. Mən də qismən bu fikirlərlə razılaşıram. Düşünürəm ki, kiçik və orta biznes subyektləri olan yerləşmə vasitələrinin inkişafına və sayının artırılmasına xüsusi diqqət yetirilməlidir. Bu seqmentə kiçik hotellər, butiklər, qonaq evləri, rezidensiyalar, apartamentlər, hostellər, kənd evləri, çadır şəhərcikləri və s. aid edilir. Belə müəsissələrin təklifləri artdıqca, turizm bazarında sağlam rəqabət yaranacaq, qiymətlər düşəcək. Bununla da, biz turizm və qonaqpərvərlik xidmətlərinin əlçatanlığını artıra və sənayenin daha da davamlı inkişafını təmin edə bilərik. Bunları təmin etmək üçün turizmin dövlət tənzimlənməsi prosesləri ən vacib rol oynayır”.

0.36589908599854