Direktor valideynin adından saxta imza ilə müraciət ünvanladı: Qanunsuzluq edən vəzifəlini kim qoruyur? - FOTO

Bir müddət əvvəl vətəndaşın Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına bağçanın direktoru Əsli Alıyevadan narazı olması ilə bağlı dərc etmişdik. 

Övladı həmin bağçaya gedən valideyn hakimiyyet.az-a açıqlamasında iddia etmişdi ki, müəssisədə uşaqlara normal baxılmır, səhərlər yavan çörək verilir və ayda 20 manat da pul yığılır. 

Yayımlanan şikayətlə bağlı bağça rəhbərliyi açıqlama vermək əvəzinə, saxta yollara əl atır. 

Belə ki, o, valideyn Xəlilova Nailə Maarif qızı adından saytımıza saxta imzalı məktub ünvanlayıb.

Məktubda orada baş verənlərlə bağlı deyilənlərin heç bir əsası olmadığı bildirilib. 

Belə bir şikayətlə hakimiyyet.az-a müraciət etmədiyi halda, adından saxtakarlıqda istifadə olunan Nailə Xəlilova ilə əlaqə saxladıq.

O, saytımıza açıqlamasında belə bir müraciət ünvanlamadığını bildirib:

“Mənə direktor Əsli Alıyeva dedi ki, bir sənədə imza atmalısan. Mən də ona bildirdim ki, sayta gedən məqalə üçün məlumatı mən təqdim etməmişəmsə, niyə imza çəkməliyəm? Təbii ki, etmədim. Mənim adımdan bu saxtakarlığa yol verənlərin qanun qarşısında cavab vermələrini istəyirəm”.

Qeyd edək ki, yazı dərc olunan zaman yayımladığımız şikayətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırıldığı deyilsə də, hələ də cavab təqdim edilməyib. 

Görünür, bu cür saxtakarlıq edənləri kimlərsə hələ də vəzifədə saxlamaqda maraqlıdırlar.

İlhamə Əbülfət

0.2981288433075