İsveçrəli futbolçu: “Qarabağ” mərhələni keçəcək”

“Ötən il “Qarabağ”ın “Bazel”lə oyunlarını xatırlayıram. O vaxt da demişdim ki, “Qarabağ” keyfiyyət baxımından “Bazel”dən üstündür”. 

Vaxtilə ölkəmizdə çıxış etmiş, İsveçrə vətəndaşlığını daşıyan Daniel Subotiç Sports.az-a açıqlamasında “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını dəyərləndirib. 

“Köhlən atlar” sabah səfərdə “Sürix”lə qarşılaşacaq. Subotiçin İsveçrənin U-19 millisinin şərəfini qoruduğunu, “Qrasshopper”in formasını geyindiyini və ən əsası, hazırda İsveçrədə yaşadığını nəzərə alsaq, mütləq ki, “Sürix” haqda dolğun məlumatlara sahibdir. 

“Qəbələ”nin sabiq hücumçusu şanslardan söz açarkən təmsilçimizin mərhələni adlayacağını bildirib: 

“Sürix” ötən il çox yaxşı mövsüm keçirdi. Heyətdə bacarıqlı və təcrübəli futbolçuları var. Lakin “Qarabağ”ın oyunçuları fərdi və ustalıq keyfiyyətlərinə görə “Sürix”dəkiləri üstələyirlər. 

“Sürix”də müəyyən dəyişikliklər olub. Açığı, yeni gələnlər haqda tam məlumata sahib deyiləm. Bakıdakı oyunlarını da izləyə bilmədim. Amma “Qarabağ”ın 3:2 hesabı ilə qalib gəlməsindən xəbərdaram. “Sürix”ə böyük hörmətlə yanaşıram. Amma mərhələni “Qarabağ”ın keçəcəyini düşünürəm”. 

Daniel Subotiç “Qəbələ”nin formasını geyindiyi müddətdə 48 oyunda 19 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş medalını qazanıb, iki dəfə ölkə kubokunun finalçısı olub.

0.28948283195496