“Sürix”in baş məşqçisi: “Əlavə vaxtın ilk hissəsində qol buraxmaq ayıbdır”

“Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik”.

“Report”un məlumatına görə, bunu “Sürix”in baş məşqçisi Franko Foda İsveçrədə “Qarabağ”la əlavə vaxtda 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis buraxdıqları ilk qolda pis müdafiə olunduqlarını bildirib:

“Futbolçulara belə vəziyyətlərdə diqqətli olmalarını söyləmişdik. Bu qədər asanlıqla qol buraxmamalısan. Biz daha yaxşısını etməliydik. Matçın əsas vaxtından sonra hər şey xeyrimizə idi. Lakin sevinc çox çəkmədi. Sadə top itkisinə yol verdik və rəqib bizi əks-hücumda yaxaladı”.

Foda nəticəyə görə məyus olduğunu söyləyib:

“Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq isə ayıbdır”.

Qeyd edək ki, Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti raunda yüksəlib - 2:2. “Köhlən atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. İlk qarşılaşmalar 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.

0.30771207809448