“Həyatımı yalnız bu şəkildə dəyişə biləcəyimi dərk edirdim” - UĞUR

“44 günlük müharibədən sonra gənclərin də, sanki özlərinə inamı artdı, öz kimlikləri ilə bağlı fikirləri formalaşdı. Onlar dərk etdilər ki, dünya gənclərindən bir addım belə geridə deyillər. Bu da “hansı sahədə olursa-olsun uğur qazana bilərik” inamı formalaşdırdı gənclərdə. Mən bunu hiss edirəm”.

Tələbələri onu innovativ tədris üsullarını tətbiq edən,  öyrəndiklərini, əldə etdiyi təcrübəni onlarla bölüşən, eyni zamanda həyat dərsi keçən müəllim kimi sevirlər. Azərbaycan Diplomatiya Akademiyasının (ADA)  İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin professoru Gülməmməd Məmmədovun həyat hekayəsi maraqlı olduğu qədər də, gənclərə örnəkdir.

“Kaspi” qəzeti professor Gülməmməd Məmmədovla hazırladığı maraqlı müsahibəni təqdim edir

Ən əlamətdar an

- Gülməmməd müəllim, başa çatan tədris ili sizi yaxşı mənada təəccübləndirəcək hansı hadisə ilə yadda qaldı?

- Ən yadda qalan məqam onlayn dərslərdən ayrılıb auditoriyada tələbələrlə üz-üzə görüşməyimiz oldu. Bildiyiniz kimi, pandemiya dövründə dərsləri onlayn qaydada keçirdik, amma keçən akademik ildə bu formatdan ayrıla bildik. Tələbələrimiz üçün çox darıxmışdıq. Onları auditoriyada üz-üzə, maskasız görmək çox xoş oldu. Mənim yanaşmama görə, tələbə ilə dost kimi ünsiyyət qurulur və bu konteksdə tədris prosesi baş verir. Ona görə tələbələrimi auditoriyada görməyimə çox sevindim. Bunu tədris ilinin ən əlamətdar anı və müsbət məqamı kimi qeyd etmək istəyirəm.

- Bu gün təhsil dövlətin əsas prioritet istiqaməti olmaqla bərabər, cəmiyyətin də üzdə olan, həmçinin daim giley və tənqidlərlə müşayiət olunan həssas nöqtəsidir. Sədr müavini olduğunuz Təhsil Nazirliyi yanında İctimai Şura bu sahə ilə bağlı səslənən haqlı və ya haqsız məqamların ayırd olunmasında nə qədər dəstək göstərə bilir?

- Əslində uzun illərdir Azərbaycanda təhsil prosesinin daha da yaxşılaşdırılması istiqamətində özfəaliyyət formasında müəyyən işlər görmüşəm, layihələrdə, maarifləndirmə işlərində iştirak etmişəm. Bu işlərdən təhsilə bağlı insanlar xəbərdar idi. Beləcə, mənim İŞ-da təmsil olunmağım ideyası yarandı. Təhsildə hamını narahat edən məsələlərlə imkanlarımız daxilində məşğul olmağa çalışmışıq. İŞ böyük bir resursu olan qurum deyil. Könüllü, ictimai əsaslarla fəaliyyət göstəririk. Buna rəğmən təhsil proseslərinə müsbət töhfələr verməyə çalışmışıq. Son vaxtlar məşğul olduğumuz məsələlərdən biri məktəb-valideyn-icma münasibətlərinin təkmilləşdirilməsidir. Təhsil sahəsindəki problemlər ən çox bununla əlaqələndirilir. Düşündük ki, bu sahədə problemləri öyrənək və həlli istiqamətində məhsuldar işlər görək. İşlər artıq yekun mərhələdədir, konkret addımlar və nəticələr var. Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Təhsil sahəsində çoxlu problemlər var. Bunlar, əslində illər öncə təhsil sahəsində verilmiş yanlış qərarların nəticəsidir. İndi elə addımlar atmalıyıq ki, bir neçə il sonra müsbət nəticələr olsun. Təhsil sahəsində verilmiş qərarlar dərhal nəticə vermir. Bu sahə asta inkişaf edən, ətalətli sahədir. Ona görə də, ümid edirik ki, indi verilmiş qərarlar yaxın gələcəkdə nəticəsini göstərməyə başlayacaq.

44 günlük müharibədən sonra

- Hazırkı gənc nəslin təhsilə marağı, hazırlıqları sizi qane edirmi?

- Son 6 ildə Azərbaycanın təhsil sektorunda çalışmışam. İllər keçdikcə fərqlilik hiss edirəm. ADA-ya gələn tələbələr dünyagörüş baxımından daha yetkin təəssürat bağışlayır. Dil bacarıqlarının geniş olması, xüsusən ingilis dilini bilmələri, media, ya sosial media onlara təsir edən amillərdəndir. Onlar dil vasitəsilə qloballaşmış dünyanın dəyərlərini, müasir trendlərini mənimsəyə və dəyişə bilirlər. Biz Azərbaycanın fərqli inkişaf dövrlərində yaşamışıq. Əvvəllər gənclərin dünyagörüşü daha çərçivəli idi. İndi daha tolerant, müxtəlifliyə açıq gənclər görürəm. 44 günlük müharibədən sonra gənclərin də, sanki özlərinə inamı artdı, öz kimlikləri ilə bağlı fikirləri formalaşdı. Onlar dərk etdilər ki, dünyada olan gənclərdən bir addım belə geridə deyillər. Bu da “hansı sahədə olursa-olsun, uğur qazana bilərik” inamını formalaşdırdı gənclərdə.  Mən bunu hiss edirəm.

“Beyin axını”nın nümunəsi

- Tədbirlərin birində həmişə gəncləri xaricdə oxumağa təşviq etdiyinizi dediniz. Bəs “beyin axını” sizi narahat etmir?

- Tam səmimi desəm, “beyin axını” məsələsi məni narahat etmir. Bu prosesin özünü neqativ hal kimi qiymətləndirirəm. “Beyin axını” dünyanın digər ölkələrinə də ola bilər və baş verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu hal Azərbaycana da yaşanır. Elə “beyin axını”nın bir nümunəsi də özüməm. Vaxtilə mən gedəndə narahatlıq olmuşdu. 2006-cı ildə BDU-da bakalavr magistr təhsilinin bir ilini bitirmişdim. Xaricə getmək niyyətimi açıqlayanda fakültə rəhbəri və Fizika İnstitutunun rəhbəri narahat oldular. Onlar burda qalıb işləməklə bağlı alternativ yol təklif etdilər. Amma mən xaricə gedib təhsil aldım və Azərbaycanı imkanlarım daxilində təmsil etdim. Zaman göstərdi ki, sonra Azərbaycana qayıtdım və öz ölkəmə xeyir verirəm. Ona görə, düşünmürəm, bu, bizi narahat edən məsələ olmalıdır. Yəni bu gedişin bir qayıdışı da var. Xaricə təhsil üçün gedən gənclərin vətəni Azərbaycandır. Onların ailələri, kimliyi, mədəniyyəti burdadır. Fiziki olaraq qayıtmayanlar öz imkanları çərçivəsində vətənə xeyir verməyə çalışacaqlar.

- Uğur qazanmağın dəqiq formulu varmı?

- Mən düşünmürəm ki uğurun universal bir sirri var. Uğurlu hesab ediləcək insanların danışıqlarına qulaq asmışam, həyatlarını öyrənmişəm. Uğur qazanmaq üçün insan ilk növbədə özünə inanmalıdır. Buna inanırsa, özünə uzaq və yaxın hədəflər qoymalıdır. Təbii, insan həyatı elədir ki, son hədəflər yoxdur. İnsan çalışmasa, özünə fürsətlər yaratmasa, cansız əşya kimi yerində qalar. Özünə fürsətlər yaratmağı bacaran insan ali mərtəbələrə yüksələr. Gənclərimiz bunu nə qədər erkən dərk etsələr, həyatları uğurlu hesab edilən xətt üzrə gedər.

Uzaqdan görünən işıq

- Uşaq olanda, icmada yaşayanda sizi kim inandırmışdı ki, haradasa uzaqda işıqlı bir dünya var?

- Bu insan atam olub. O, ideallara çox inan adam idi. Hətta o qədər idealist olub ki, onunla “həyat düşündüyümüz qədər ideal deyil” deyə mübahisə etdiyim məqamlar olub. Atamın məsələlərə ideal yanaşması, təhsilə müqəddəs bir nemət kimi baxması ailəmizə, insanın bilik qazanaraq hər yerə gedə biləcəyi hissini aşılamışdı. Anamın da rolu çox olub. Amma bu istiqamətdə aparıcı sima atam idi. O, ixtisasca aqronom idi. Müəllimləri haqqında hörmətlə danışırdı. Atamın tövsiyələrinə qulaq asıb başa düşdüm ki, elm mütləq lazımdır. Bu, kiməsə üstün gəlmək naminə deyildi, həyatın çətinliyinə sinə gərmək üçün idi. 1992-ci ildə Laçın rayonu işğal olunanda 8 yaşım vardı. Biz oxumaq istəyirdik, amma tədrisi verəcək məktəb yox idi. İcma üzvləri Ağcabədidən qamış gətirib Taxtakörpü deyilən çöllük ərazidə 4 otaqlı məktəb tikdilər. Müəllimlər müharibədə idi. Əlifbanı öyrətməyi icmadan olanlar öz üzərilərinə götürdülər. Biz çöldə daş üstdə oturub əlifbanı öyrəndik. Valideynlərimiz deyirdi ki, yalnız təhsillə bu vəziyyətdən çıxmaq olar. Bu, qəlbən inandığımız şey idi. Bu çətinliklər fonunda təhsil bir işıq yolu idi. Mən də oxumaq istəyirdim, həyatımı yalnız bu şəkildə dəyişə biləcəyimi dərk edirdim.

Universitet partasındakı ilk gün

- Niyə məhz fizikanı seçdiniz?

- Uşaqlıqdan fizika ilə maraqlanırdım. Texniki avadanlıqlara marağım vardı. Kəndimizdə bir müəllim vardı, həmişə deyirdi ki, fizikanı öyrənmək istəyirsinizsə, riyaziyyatı oxumalısınız. Mən riyaziyyatı, sonra Azərbaycan dilini, fizikanı daha sonra kimya və həndəsəni öyrənməyə başladım. Humanitar yardımlar zamanı paylanılan dərs vəsaitlərindən istifadə edirdim. Dərs oxumaq üçün rahat şəraitim yox idi. Ali məktəblərə qəbul imtahanına heç kəsin köməyi olmadan özüm hazırlaşmağa başladım. İmtahan verib universitetin fizika fakültəsinə daxil oldum. Məcburi köçkün düşərgəsindən çıxıb Bakı Dövlət Universitetində oxudum. İcmada deyirdilər ki, bu uşaq istedadlıdır, qoy gedib hüquqşünaslıq oxusun, həkim olsun. Amma mən fizikanı seçdim. Məktəbli kimi parta arxasında əyləşdiyimi ilk günü heç cür xatırlaya bilməsəm də, ilk dəfə tələbə kimi Bakı Dövlət Universitetində parta arxasında əyləşdiyim gün yaxşı yadımdadır...

- Arzularınızın dalğası sizi sonradan haralara aparıb çıxardı?

- Universitetin fizika fakültəsini bitirdikdən və magistraturada bir il təhsil aldıqdan sonra İtaliyanın Triest şəhərində Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzində magistratura pilləsini oxudum. Mərkəz yüksək enerjilər fizikası üzrə dünyadan 10 nəfər qəbul etmişdi ki, biri də mən idim. Bir il oxuduqdan sonra doktorluq pilləsində oxumaq üçün professorların məsləhəti ilə Amerika universitetlərinə müraciət etdim. Nyu-York Sirakuz Universitetinə tam təqaüdlə qəbul aldım. Hazırkı Amerika prezidenti Co Bayden də həmin universitetdə təhsil alıb. Aldığım təqaüd (illik 50000 $) isə universitetin ən nüfuzlu təqaüdü olmaqla yanaşı, xarici vətəndaşlara verilməyən təqaüd idi. Düşündülər ki, mənim nəzəri fizika biliklərim çox yaxşıdır və bunu tibb sahəsinə tətbiq etmək olar. Ona görə də mən biotibb üzrə doktorluq dərəcəsi aldım. Paralel olaraq 8 ilə yaxın tədrislə məşğul oldum. Bir il Nyu-York Tibb Universitetində tədqiqatçı kimi işlədim. 2016-cı ildə Azərbaycana qayıtmaq qərarına gəldim. O vaxtdan ADA Universitetinin Mühəndislik və informasiya texnologiyaları fakültəsində dərs deyirəm. Bu da tələbələrlə elm və həyat təcrübəmi paylaşmaq üçün yaxşı fürsətdir.

Fərqli mühitlərlə üz-üzə

- Xaricdə təhsil sizə nə verdi? Təkcə bilikmi?

- Biliyi burda da almaq olar. Xaricdə təhsil mənim tamamilə transformasiya olmağıma səbəb oldu. Bizim klassik universitetlərdə tələbə həyatı, demək olar yox dərəcəsindədir. ADA Universitetində çalışmaq üçün mühit, klublar var. Müasir universitetləri fərqləndirən əlamətlərdən biri də bilik öyrətməkdən əlavə, bu mühitin olmasıdır. 17-18 yaşlı tələbənin formalaşması üçün mühitin olması vacibdir. Bunun ümumi adı tələbə həyatıdır. Mən universitetdə bilik öyrənsəm də, həyatımın digər hissələri sanki natamam idi. Digər mədəniyyətlər haqqında məlumatsızlıq vardı. Magistr pilləsində  oxumaq üçün İtaliyaya gedəndə ilk mədəniyyət şokunu yaşadım. Anladım ki, fərqli dünya var. Tək olduğum üçün məcburən o mədəniyyəti öyrənməli idim. Bir il sonra Amerikaya gedəndə də fərqli mühitlə rastlaşdım və yeni bir prosesi də orada yaşamalı oldum. Bütün bunlar çətin proses idi, amma pozitiv izləri qaldı. Tədris üçün bu transformasiya, fərqli mədəniyyət, fərqli baxış bucağını dərk etmək və ona tolerant yanaşmaq çox önəmlidir. Xüsusilə Amerika kimi ölkədə tədrislə məşğul olan insan auditoriyadakı tələbələrin sosial-iqtisadi, irqi qruplardan formalaşdığını dərk edir və onlarla ünsiyyət qurmaq rahat olur. Amerika universitetlərində bu məqamlara çox önəm verirlər. Azərbaycana qayıdanda da təbii ki, bu fərqliliyi proyeksiya etmişəm. Hər bir tələbə ilə fərdi davranış mənə normal gəlir. Belə olanda tələbə də müəllimin qoyduğu tələbləri icra etmək istəyir.

ADA təcrübəsi

- Amerika auditoriyalarındakı təcrübələrdən hansını burda tətbiq etmək arzusundasınız?

- Amerikada çox yaxşı təcrübələr var. Amerika, sanki dünya üçün bir laboratoriyadır. İnsan o təcrübələrə baxanda “bunu aparıb öz ölkəmdə tətbiq etmək necə yaxşı olardı” fikrinə düşür.  Amma belə düşünəndə biz bir məsələni diqqətdən qaçırmış oluruq: ölkəmizin özünəməxsusluğu, cəmiyyətimizin, insanımızın fərqli olmasını. Yəni oradakı praktikanı gətirib burada tətbiq etsək, onun uğurlu olma ehtimalı 50 faizdir.  Amma ADA Universitetinin özü Amerikada olan uğurlu təcrübələrdən birinin tətbiqidir. Bu, təhsilimiz üçün uğurlu tapıntıdır.

- Uğur qazanan və onun yaxşı nəticələrini tətbiq edən bir insan kimi gənclərə nəyi tövsiyə edərdiniz?

- Heç də hamı universitetdə oxumaq, magistratura təhsili almaq istəyində olmaya bilər. Hamı bu hədəfin ardınca qaçmaq məcburiyyətində deyil. Hər insanın içərisində bir potensial var və bu, müxtəlif istiqamətlərdə inkişaf edə bilər. Ölkəmizdə  peşə təhsili müəssisələri var. Peşə təhsilini seçməklə öz potensiallarını realizə edə biləcək çoxlu gənclər ola bilər. Bu fürsətin üstündən xətt çəkməsinlər. Dünyanın aparıcı iqtisadiyyatları, əslində peşə təhsilinin üzərində durur. Sənaye işlərinin 70 faizini peşə təhsili olan insanlar icra edirlər. Bizim iqtisadiyyatımız da gün-gündən inkişaf edir və bu istiqamətdə ehtiyaclar durmadan artır. Gənclər öz imkanlarını peşə təhsili müəssisələrinə üz tutmaqla reallaşdıra bilərlər. İstəsələr, o təcrübə ilə universitetdə də təhsillərini davam etdirmək mümkündür. Məni narahat edən məsələlərdən biri də bir çox ali təhsilli gənclərin işsiz olmasıdır. Əmək bazarının tələbləri öz sözünü deyir. Ona görə, istərdim ki, gənclərimiz bu məqama fikir versinlər və yaranan fürsəti dəyərləndirsinlər. Tövsiyəm odur ki, gənclər valideynlərinin istəklərini yox, öz arzularını, öz xəyallarını yaşasınlar. Əminəm ki, kimsə onların qarşısına ciddi sədd çəkə bilməz.

0.30071091651917