Olmayan nizamnamənin fəsadları: “Məktəb direktorları olanları kabinetdən izləməməlidirlər” - FOTO

“Məktəb direktorları yalnız kabinetdə oturub, olanları izləməməlidirlər. Onlar davamlı şəkildə həm müəllim, həm şagird, həm də valideynlərlə əlaqədə olmalıdırlar”.

Bunu məktəb, şagird və müəllim münasibətləri ilə bağlı hakimiyyet.az-a açıqlama verən Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Xatırladaq ki, ötən tədris ilində məktəblərdə qalmaqallar səngimək bilmirdi. Hər gün bununla bağlı müxtəlif videoların şahidi olurduq. Müəllimlərin şagirdləri döyməsi, şagirdlərin müəllimə qarşı etikadan kənar hərəkətləri, valideynlərin müəllimlərlə mübahisəsinin şahidi olurduq.

Məktəblərin açılmasına təxminən bir ay qalıb. Bu kimi məsələlərin tənzimlənməsi ilə bağlı suallar var.

Ötən ildəki hadisələrin daha betərlərini görməyə hazırlaşaq? Məktəb rəhbərliyi və müəllimlər insidentlərdən hansı nəticələri çıxarıblar?

Deputatın sözlərinə görə, məktəblərin fəaliyyətinə ciddi nəzarət edilməlidir:

“Müəllimlər şagirdlərlə rəftara diqqət etməlidirlər. Müəllim - müəllimdir. Çünki ziyalıdır, öyrədəndir. O hər səviyyədə, düşüncədə olan şagirdlə işləməyi bacarmalıdır. Ola bilər ki, hansısa şagirdin tərbiyəsində problem var və ya şagird özünü apara bilmir. Bu o demək deyil ki, müəllim də ona eyni münasibət bəsləməlidir. Müəllim bilməlidir ki, artıq uşağı cəzalandırmaq effektiv deyil”.

C.Məmmədov qeyd edib ki, valideynlər çalışmalıdırlar ki, məktəbə həddən artıq müdaxilə etməsinlər:

“Müəllim səhv edibsə, valideyn məktəbə hücum edərək, müəllimlə öz arasında həll etməyə çalışmalı deyil. Bu, müasir qanunvericiliyə uyğun olaraq məktəb rəhbərliyi, mərkəzi icra hakimiyyəti səviyyəsinə qaldırılmalıdır ki, problem həll olunsun.

Əgər məktəbdə hər hansı anlaşılmazlıq varsa, ciddi qanun pozuntusu yoxdursa, burada valideynlər uşağın tərəfini saxlamalı deyillər. İndi təəssüf ki, bəzi valideynlər uşaqlarına inanırlar, müəllimə yox. Müəllimlər də uşaqla dil tapmalıdırlar”.

Təhsil eksperti Elşən Qafarov isə əlavə edib ki, orta məktəblərdə fərdi nizamnamələr yoxdur:

“Tədris ilində ən böyük problem məktəbli formaları ilə başlayır. Bu il yeni məktəbli formalarının olması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Elm və Təhsil naziri brinfinqdə dedi ki, “məktəb direktoru şagirddən məktəbli forması tələb edə bilməz”. Forma sosial bərabərliyin gözlənilməsidir. İnanıram ki, əvvəlki illər qədər neqativ hallar olmayacaq.

İstənilən halda məktəbdə təhsil məsələlərinin tənzimlənməsi məktəbin nizamnaməsi ilə olmalıdır. Çox təəssüf ki, orta məktəblərdə fərdi nizamnamələr yoxdur. Bütün münasibətlər nizamnamədə öz əksini tapmalıdır”.

E.Qafarov qeyd edib ki, yeni tədris ilində dərslər tam əyani formada olacaq:

“Pandemiya heç kimin arzulamadığı vəziyyətdir. Tədris ənənəvi şəkildə davam edəcək”.

Nəzrin Vahid

0.33678603172302