Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, günün ilk matçında “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Hazırda Ağdam təmsilçisi 3 xalla 2-ci pillədə qərarlaşıb. Xalı olmayan “gənclik şəhəri” təmsilçisi isə sonuncudur.

Komandalar indiyədək ölkə çempionatında 39 dəfə üz-üzə gəliblər. Bunların 29-da Ağdam klubu, 5-də isə Aleksey Baqanın baş məşqçi olduğu komanda qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də son çempionun aşkar üstünlüyü var - 91:18.

“Qarabağ” son beş oyunda rəqibini məğlub edib. “Sumqayıt” son dörd matçda qol vura bilməyib.

Günün digər qarşılaşması “ASCO Arena”da “Səbail” və “Turan Tovuz” komandaları arasında baş tutacaq. İlk turdan sonra hər iki kollektiv xalsızdır.

Paytaxt və bölgə təmsilçiləri indiyədək Premyer Liqada qarşılaşmayıblar.

Azərbaycan Premyer Liqası

II tur

13 avqust (şənbə)

18:20. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
“Kapital Bank Arena”, 18:20

20:30. “Səbail” - “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
“ASCO Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Sabah” səfərdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək “Qəbələ” - “Şamaxı” və “Neftçi” - “Kəpəz” matçları ilə yekun vurulacaq.

0.27922487258911