Aleksey Pilko: “Qarabağ məsələsi nəhayət bağlanmalıdır” - Rusiyadan ŞƏRH

“Gümrüdəki 102-ci baza daha çox Rusiyaya deyil, Ermənistana lazımdır. Bu, Türkiyə və Azərbaycanla münasibətlərdə hər hansı bir problem yaranacağı təqdirdə sığortadır”.

Bunu Rusiya Avrasiya Kommunikasiya Mərkəzinin direktoru, tarixçi Aleksey Pilko -a Ermənistana Gümrüdəki bazanın lazım olub-olmaması ilə bağlı aktiv müzakirələri şərh edərkən deyib.

O, Ermənistanın siyasi suverenliyi və müstəqilliyinin böyük ölçüdə Rusiya tərəfindən təmin edildiyinin heç kimə sirr olmadığını vurğulayıb.

“Rusiyanın Ermənistanla quru sərhədi yoxdur. Orada tranzit çətindir. SSRİ dövründə 102-ci baza NATO ölkəsi olan Türkiyə ilə sərhədi əhatə edirdi. Bəs indiki hərbi-siyasi konfiqurasiyada Rusiya niyə bu bazanı saxlamalıdır? Gümrüdəki bu bazanın indi hərbi yox, siyasi əhəmiyyəti var. Abxaziya və Cənubi Osetiyada (Gürcüstanın Tsxinvali bölgəsi - red.) isə bazalar hərbi əhəmiyyət kəsb edir, onlar Roki tunelinə və Qara dəniz sahilinə nəzarət etməyə imkan verir. Krımdakı hərbi bazalar - Qara dənizin şimal bölgəsinə nəzarətdir”, - deyə izah edib.

Tarixçi alimin sözlərinə görə, Gümrüdəki baza, eləcə də Ermənistanın KTMT-yə üzvlüyü ölkənin xarici qüvvələrin hərbi hücumuna məruz qalacağı təqdirdə Rusiyanı müttəfiq kimi qəbul edəcəyinə zəmanətdir.

“Deməli, bir daha deyirəm, bu, daha çox siyasi xarakter daşıyır. Mən təsəvvür edə bilmirəm ki, Ermənistanın hansısa siyasi rəhbərliyi Rusiya hərbi bazasının bağlanmasını xahiş etsin”, - deyə o qeyd edib.

Ekspert bir məsələyə də diqqət çəkib. Onun sözlərinə görə, 44 günlük müharibə zamanı çoxları Rusiya Federasiyasının Ermənistanı dəstəkləyəcəyini gözləyirdi, amma Moskva Ermənistan və Azərbaycandan eyni məsafədə vasitəçi kimi çıxış edirdi.

“Rusiyanın dünyanın müxtəlif ölkələrində böyük maraqları var. Türkiyə ilə Cənubi Qafqazdan çox-çox kənara çıxan əlaqələr var”, - deyə tarixçi bildirib.

Mərkəzin direktoru qeyd edib ki, həm nəqliyyat, həm də logistika dəhlizlərini inkişaf etdirmək, enerji qovşağı yaratmaq üçün Qarabağ məsələsi nəhayət bağlanmalıdır.

“Rusiya, Azərbaycan, İran, Türkmənistan qaz hasil edən ölkələrdir. Türkmənistan ümumiyyətlə ehtiyatlara görə dünyada dördüncü yerdədir (lakin hasilata görə deyil). Türkiyə isə vasitəçi ola bilər. Belə bir qovşağın təşkilinə və Cənub Qaz Dəhlizinin gücləndirilməsinə nə mane olur?” - deyə Aleksey Pilko sözlərini yekunlaşdırıb.

Nair Əliyev

0.28979897499084