Şəkinin kəndlərində qəsdən yanğın törədən şəxs saxlanılıb

Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir fərdi yaşayış evinin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin,eləcə də iki tövlənin yanması barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hakimiyyet.az-a verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb edilib, yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə zamanı ev sakinləri olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, tövlələrdə olan ümumilikdə 7 baş iribuynuzlu mal-qara tələf olub, eləcə də 1 400 ot bağlaması yanıb.

İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rahib Tağıyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Hazırda faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

0.31921100616455