Sərhəddəki genişmiqyaslı döyüşlər: Azərbaycanın qazancları, ərazi nailiyyətləri, proqnozlar – TƏHLİL

Azərbaycan-Ermənistan sərhədində baş verən şiddətli toqquşmaların səbəblərinə sırf hərb parametrləri ilə yanaşanda və yayılan videoları analiz edəndə ortaya aydın bir mənzərə çıxır: Təxibatları məhz Ermənistan başlayıb.

Videolardan görünür ki, Ermənistan sərhədə qoşun cəmləşdirir, döyüş mövqelərini gücləndirir və bununla təxribatların növbəti müəllifinə çevrilmək cəhdini meydana

Azərbaycan hərbi-siyasi və diplomatik-siyasi kanallarla Ermənistana açıq və ya ictimaiyyətə açıqlanmayan xəbərdarlıqlarla çıxış edirdi, ancaq rəsmi İrəvanın daxilindəki fikir ayrılıqları səbəbindən ordu sərhədə cəmləşdirildi.

Amma səbəblərdən asılı olmayaraq baş verənlərin məsuliyyəti Ermənistan dövlətinin boynundadır və Azərbaycan Ordusunun erməni mövqelərini darmadağın etməsinin, 200-ə yaxın erməni əsgərini, taktiki dərinlikləri məhv etməsinin təqsiri İrəvandadır.

Ermənistanın təxribatlarının hərbi xüsusiyyətlərinin perspektiv üçün aça biləcəyi təhdid fonu Azərbaycan üçün qəbuledilməz idi, çünki sərhəddən başlanan təhlükə sonradan daxildə əlavə risklər formalaşdıracaqdı.

Dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr tərəfindən pozulması, sərhəd mübahisələri və ya münaqişələrinin kəskinləşməsi ölkəni təhdid edən elementlərdir.

Azərbaycan buna görə də ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına təhdid ola biləcək hərəkətlərə silahlı müdafiə potensialı ilə cavab vermək zərurəti ilə qarşılaşdı.

Azərbaycan erməni provokasiyalarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla real və potensial təhdidlərin silah gücü ilə dəf edilməsinin, sərhədlərin Azərbaycan əleyhinə dəyişdirilməsi cəhdlərinə hərb variantı ilə cavab verilməsinin örnəyini ortaya qoydu.

Bu, Ermənistanın mənəvi və fiziki himayədarı olan ölkələrə də tutarlı bir mesajdır və onlar da dərs çıxarmalıdırlar.

Ermənistan kiməsə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməyəcəyini anladı və onu da başa düşdü ki, əksinə, Bakı sərhəd məsələlərində də qətiyyətlidir.

Azərbaycan yeddi saat davam edən hərbi əməliyyatlarda 50 şəhid Ermənistanın itkiləri isə bütün parametrlər üzrə dəfələrlə çoxdur.

Ermənistanın döyüş mövqeləri, sığınacaqları, xeyli sayda hərbi texnikası, 200-ə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib.

Ermənistan sərhəd zonasına “S-300” hava hücumundan müdafiə sistemləri də yerləşdirmişdi, bunun özü də onun əlamətidir ki, ermənilər döyüş planı hazırlayıb və onu icra etməyə girişiblər, gözlənilən mümkün raket zərbələri zamanı isə həmin müdafiə sistemlərini işə salacaqdılar. Ancaq Azərbaycan həmin sistemləri də dəqiq zərbələrlə sıradan çıxardı və bütün bunlar sonrakı eşelon üçün Ordumuzun irəliləməsini sürətləndirdi.

Əməliyyatların keçirildiyi Laçın, Kəlbəcər, Daşkəsən mürəkkəb dağ relyefinə malikdir, bu zonada irəliləyiş də çətindir, lakin ordumuz bunu bacardı və Azərbaycanın aktivinə ərazi nailiyyətlərini də yazdı.

Beləliklə:

1. Azərbaycan həmin bölgələrdən Ermənistanın içərilərinə doğru bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Bununla da Ermənistan Azərbaycana real təhlükə yarada mənbələrin bir neçəsindən məhrum oldu;

2. Azərbaycan Ordusu 100 kvadratkilometr ərazini azad edib və bunu delimitasiya kontekstinə salacaq;  

3. Azərbaycan hərbçiləri erməni hərbi-siyasi elitasının kurort məkanına çevrilmiş İstisu sanatoriyasına çox yaxın məsafədədirlər;

4. İrəvan-Gorus magistral yolu Azərbaycanın atəş nəzarəti altındadır.

PROQNOZLAR:

Azərbaycan təhlükəsizlik zolağı yaradacaq, yəqin ki, indi bununla bağlı danışıqlar gedir, nəticədə isə Azərbaycanın Ermənistan üzərində nüfuz dairəsi yaranır.

İrəvan-Gorus yolunun nəzarətə götürülməsi Ermənistan üzərində hərbi-siyasi təsirlərlə yanaşı, iqtisadi təzyiqləri də artıracaq. Çünki Ermənistanın daxili təminat arteriyası kəsiləcək. Bu, Azərbaycanın bufer zonaya dair tələblərinin icra edilməsini asanlaşdıracaq.

Bu, Azərbaycanın Ermənistan magistrallarında ikinci nəzarət zonasını (birinci Gorus-Qafan yolunun 21 kilometrlik hissəsidir) ərsəyə gətirəcək.

Azərbaycan təhlükəsizlik zonasını sərhəddən çıxararaq Ermənistanın dərinliklərində bərqərar edəcək.

Aqşin Kərimov

0.26742315292358