Sərhəd döyüşlərində Tovuz ssenarisi: Mütləq fiasko, revanşistlərin dəfn edilən ümidləri…

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı Cənubi Qafqaz bölgəsində iki il öncə yaşanan hadisələri bir daha xatırlama zərurəti meydana çıxardı.

Belə ki, sentyabrda baş verən erməni təxribatı bir çox aspektdən 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində baş verən hadisələrlə paralel təşkil edir.

Əvvəlcə hər iki hadisəni doğuran səbəbləri görmək məsələlərə qiymət vermək baxımından önəm daşıyır. Tovuz hadisələri zamanı da Ermənistan dövlətinin daxilində oxşar proseslərin getdiyinin şahidi olmuşduq. Həmin dövrdə Ermənistanda baş qaldıran şovinizm, “yeni torpaqlar qazanmaq” iddiaları, cari şəraitdə “torpaqları qaytarmaq” iddiaları kimi öz təzahürünü tapır. Yəni 2020-ci ilin iyulunda Ermənistan Tovuz istiqamətində öz məkrli planlarında Azərbaycan əraziləri hesabına öz torpaqlarını genişləndirmək məqsədi güdür və müxtəlif səviyyədə açıqlamalarda, bəyanatlarda bunu gizlətmədən hərəkət edirdisə, hazırkı məqamda Ermənistan revanşist düşüncəyə qapılaraq Azərbaycana qarşı rüsvayçı məğlubiyyətin əvəzini çıxmağa köklənmişdi. Hər iki halda Ermənistanı maraqlandıran isə ilk növbədə psixoloji planda üstünlük qazanmaq istəyi idi.

Məsələn, Tovuzdakı təxribat zamanı Ermənistan açıq şəkildə Azərbaycanın suveren ərazilərinə təcavüz etməklə, bir qədər sonra, 44 günlük müharibə zamanı darmadağın ediləcək “yenilməz erməni ordusu” mifini gücləndirmək niyyəti daşıyırdı.

Əgər 2020-ci ilin iyul ayı üçün şəraiti qiymətləndirsək, Ermənistan bu mənada öz daxili auditoriyası üçün azacıq da olsa, uğur qazanmış hesab oluna bilərdi. Çünki Ermənistan dövləti bu hücumda ağır itkilər verməsinə baxmayaraq, daxili auditoriyası qarşısında Azərbaycanın onun üçün üz-üzə gələ bilməyəcəyi qüdrətə sahib bir dövlət olması faktını ört-basdır etməyə müəyyən mənada nail olmuşdu.

Ermənilər 44 günlük müharibəyə qədər keçəcək qısa zaman kəsiyində məhz bu düşüncəyə qapılaraq daha da azğınlaşmaqla tarixlərinin ən böyük səhvinə doğru yol aldılar.

44 günlük Vətən müharibəsi isə bu nisbi uğurun Ermənistanın bəlasına çevrildiyini açıq şəkildə ortaya qoydu. Ermənistan döyüş meydanında darmadağın edildi, yaradılmış miflər, uydurulmuş şücaət hekayələri tarixin tozlu səhifələri arasında itib-batdı.

Paralellərlə yanaşı, iki hadisə arasında fərqləri də nəzərdən keçirmək gərəkdir. İlk növbədə qeyd edək ki, Ermənistan bu dəfə 2020-ci ilin iyulunda özü üçün qısa zaman kəsiyində uğur hesab etdiyi cüzi psixoloji üstünlüyə belə, nail ola bilmədi. 2022-ci il 12 sentyabr tarixindəki erməni təxribatı Ermənistan üçün tam olaraq fiasko ilə nəticələndi.

Azərbaycan Ordusu düşmənə ağır zərbə vuraraq öz sıralarında Polad Həşimov, İlqar Mirzəyev kimi qəhrəman Vətən övladlarının heç vaxt bitib-tükənmədiyini bir daha göstərdi. Azərbaycan Ordusunun bölmələri, qəhrəman şəhidləri Tovuz döyüşlərinin şəhid-qəhrəmanlarının şücaətini, onların sarsılmaz Vətən eşqinin gücünün hər bir azərbaycanlının ruhunda yaşadığını yenidən sübut etdi.

Həmçinin hər iki təxribat arasında paralellər apararkən Tovuzdakı hadisələr zamanı Azərbaycan ərazilərinin işğal altında olması faktını da yada salmaq lazımdır. Bu gün isə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyaraq dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir. Revanşist erməni qüvvələrinin məhz bu istiqamətdə təxribat cəhdinin isə səbəbləri sırasında yəqin ki, ərazinin relyefinin də mühüm önəmə sahib olduğunu vurğulamağa gərək yoxdur. Bununla yanaşı, görünür 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən dərs çıxara bilməyən ermənilər həmçinin Azərbaycan Ordusunun potensialını düzgün qiymətləndirə bilməyərək, qəflətə qapılıb. Əslində isə bunun üçün əsasları da olub...

İstər sözügedən ərazinin relyefi, istərsə də bu ərazilərin Azərbaycanın nəzarəti altında olma müddəti bir növ erməniləri şirnikləşdirib deyə bilərik. Çünki bu qədər geniş və çətin relyefə sahib ərazidə etibarlı müdafiə təşkil etmək və bunu olduqca qısa zamanda demək olar ki, 0 infrastruktura sahib bir ərazidə etmək olduqca çətin məsələ hesab olunmalıdır. Elə erməni tərəfi də məhz bu düşüncə ilə təxribat törətmək üçün ən əlverişli istiqamət kimi məhz sözügedən ərazini seçib, ərazini Azərbaycanın müdafiəsinin zəif həlqəsi kimi qiymətləndirib.

Azərbaycan Ordusu isə 12 sentyabr təxribatına verdiyi cavabla öz qüdrətini və potensialını bir daha nümayiş etdirib. Vətənin etibarlı müdafiəsinin təşkilində heç bir problemin Azərbaycan dövlətinin qarşısında əngəl yarada bilməyəcəyini ortaya qoyub. Ermənilərin “uğurlu hərbi planı” onlar üçün mütləq rüsvayçılıq və məğlubiyyətlə sona çatıb.

Revanşist qüvvələrə ölümcül zərbə

12 sentyabr tarixi Ermənistandakı revanşist qüvvələrə vurulmuş ölümcül zərbə kimi yadda qalmalıdır. Belə ki, yuxarıda vurğulanan bir çox məqamların birləşməsi Ermənistanı sözügedən təxribata sürüklədi. Nəticədə isə Ermənistanın sərhədin müvafiq istiqamətində yaratdığı və ölkəmizə təhdid yarada biləcək bütün hərbi təyinatlı obyektləri, hərbi infrastrukturu yer üzündən silindi. Həmin obyektləri bərpa edə bilmək üçün isə Ermənistana illərlə vaxt lazım olacaq.

Bütün bunlarla yanaşı ordumuz həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Bununla da, Ermənistanın indi və gələcəkdə hər hansı bir təhdid yaratmaq imkanları tam şəkildə neytrallaşdırılıb.

İtkilərə gəlincə düşmən tərəfin xeyli sayda hərbi texnikası, yüz milyonlarla dollar dəyərində iki ədəd S-300 kompleksi, 200-ə qədər şəxsi heyəti, onlarla hərbi obyekti və postları yerlə bir edilib. Yaralıların sayı isə yüzlərlə ifadə olunur.

Ermənistan Azərbaycanın müdafiəsində “zəif həlqə” hesab etdiyi bir ərazidə uğurlu əməliyyata – təxribata cəhd göstərsə də, nəticədə Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə İrəvanın qısa və uzun müddətli planlarını alt-üst etdi.

Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçıraraq, öz ordusunu gücləndirib gələcəkdə hərbi planda böyük ümidlər bəslə də, Azərbaycan Ordusu Ermənistan dövlətinin, onun ordusunun və revanşist qüvvələrin gələcək ümidlərini də cəhənnəmə vasil etdi.

Tovuz döyüşlərində olduğu kimi, sərhədin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində də erməni təxribatının qarşısını alarkən misilsiz qəhrəmanlıq göstərən Azərbaycan igidləri, qəhrəman şəhidlərimiz erməni revanşizminin Vətən oğullarının şücaətin qarşısında miskin, aciz olduğunu hər kəsə yenidən göstərdi. Ermənistanın “qazancı” isə darmadağın edilmiş hərbi infrastruktur, yüzlərlə itki və rüsvayçı məğlubiyyət, fiasko ilə nəticələnən “uğurlu əməliyyat” oldu.

Ermənistan anlamalıdır ki, növbəti bir fiaskoya imza atmaq üçün bütün imkanları tükənib. Azərbaycan dövləti və onun qüdrətli ordusu birmənalı olaraq Ermənistanı bu imkanlardan, baş qaldırmaq imkanından məhrum edib. Bu reallığı qəbul etməyib, növbəti təxribata cəhd göstərmək istəyi, ümidi isə Ermənistan üçün sadəcə böyük itkilərlə yekunlaşmayacaq, sözsüz ki, Ermənistanın dövlətçiliyi də onların tarixlərindən daha böyük bir sual işarəsi altında qalacaq...

Orxan Tağıyev

0.27823495864868